Məhkəmə qərarları › İş №3(002)-1579/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1579/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1579/2022 05.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, "xxxx" (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan Holcim (Azərbaycan) ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhəmə MÜƏYYƏN ETDİ: Holcim (Azərbaycan) ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 01 noyabr 2022-ci il tarixli protokoldan aydın olur ki, Holcim (Azərbaycan) ASC 5987520.00 Rusiya rublu məbləğində vəsaiti 23 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 5987520.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Holcim (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 (Azərbaycan) ASC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri Qaradağ rayon məhkəməsinə xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati protokol təqdim etmişdir. Protokolda qeyd olunur ki, Holcim Azərbaycan ASC 5987520.00 rubl məbləğində pul vəsaitini xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait məbləğində alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, həmin valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolda qeyd etmişdir ki, Holcim Azərbaycan ASC xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Aşağıdakalara əsasən hesab edir ki, inzibati protokol əsassız olduğundan işə xitam verilməlidir. Belə ki, Holcim Azərbaycan ASC ilə Holcim Rusiya LLC şirkəti arasında imzalanmış xx.xx.2018-ci il tarixli, /)K-RU03-0276-2018 saylı sement və tikinti mallarının alınmasına dair müqavilə üzrə xx.xx.2020- ci il tarixdə Hocim Rusiya şirkətinə 5987520.00 rubl məbləğində pul vəsaiti köçürmüşük, (köçürmə barədə sənədin surəti əlavə olunur). Köçürmənin aparıldığı vaxtdan 2 il müddətində, yəni xx.xx.2020-ci il tarixində 2969227,80 rubl məbləğində mah, xx.xx.2020-ci il tarixində 2963406,60 rubl məbləğində malı, cəmi ******* rubl məbləğində malı Azərbaycan Respublikasına idxal etmişlər. Malların idxal edilməsinə dair gömrük bəyannamələri Paşabank ASC-yə vaxtında təqdim edilməmişdir. Buna görə də Paşabank ASC köçürülən pul vəsaitinin qaytarılmadığı və ya malların idxal edilmədiyi qənaətinə gələrək bu barədə Mərkəzi Banka məlumat vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı işi tam araşdırmadan, xaricə köçürülən pul vəsaitinin ölkəyə qaytarılması vəziyyətini müəyyən etmədən inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolu tərtib edərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətimizi işin araşdırılması üçün dəvət etməmiş, şirkətimizin nümayəndəsinin mövqeyi dinlənilməmiş, izahatı alınmamışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nm 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, inzibati xətanı törədən şəxs barədə inzibati tənbeh tətbiq oluna bilər. Paşabank ASC tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Holcim Azərbaycan ASC-nin xx.xx.2020-ci il tarixdə köçürdüyü 5987520.00 rubl məbləğində avans ödənişi qismən bəyan edilmiş, həmin məbləğdən xx.xx.2022-ci il tarixinə qalıq 350984.60 rubl təşkil edir. Qaytarılmayan həmin məbləğ 10000 ABŞ dollarından çox deyildir. Belə olan halda xaricə köçürülən pul müqabilində iki il müddətində malların böyük həcmi ölkəyə idxal edildiyinə və qalıq məbləğ müəyyən edilmiş həddi keçmədiyinə görə Holcim Azərbaycan ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, yəni inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114-cü maddəsinə əssən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-cü maddələrinə əsaslanaraq Məhkəmədən İnzibati xəta törədilmədiyi üçün inzibati xəta haqqında is üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "Holcim (Azərbaycan) ASC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə "Holcim (Azərbaycan) ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Paşabank ASC tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Holcim Azərbaycan ASC-nin xx.xx.2020-ci il tarixdə köçürdüyü 5987520.00 rubl məbləğində avans ödənişi qismən bəyan edilmiş, həmin məbləğdən xx.xx.2022-ci il tarixinə ödəniş üzrə qalıq 350984.60 ( üç yüz əlli min doqqz yüz səksən dörd rus rublu, altmış qəpik) rubl təşkil edir. Qaytarılmayan həmin məbləğ 10000 ABŞ dollarından çox deyildir. Belə olan halda xaricə köçürülən pul müqabilində 2 il müddətində malların böyük həcmi ölkəyə idxal edildiyinə və qalıq məbləğ müəyyən edilmiş həddi keçmədiyinə görə Holcim Azərbaycan ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Holcim (Azərbaycan) ASC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" (Azərbaycan) ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar