Məhkəmə qərarları › İş №3(002)-1583/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1583/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1583/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək TM-də Şirniyyat bazarında yerləşən ətir dükanında qeyri-etik sözlər işlədərək digər vətəndaşların narazılığına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X3 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sədərək TM-də Şirniyyat bazarında qeyri-etik sözlər işlətmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, akt, iş materialları və onun izahatı ilə tam təsdiq olunur. İş materiallarına əlavə olunmuş ərizələrdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Sədərək TM-də yerləşən ətir mağazasına gələrək, onlayn qaydada sifariş vermiş olduğu ətir yağlarının düzgün göndərilməməsini bildirmiş və qışqıraraq narazılığını bildirmişdir. Daha sonra mağazanın əməkdaşları müdiriyyətə hadisə barəsində məlumat vermiş, lakin Şəxs yenidən dəfələrlə mağazanın əlaqə nömrələrinə zənglər edərək əməkdaşları və müdiriyyəti təhqir etmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar