Məhkəmə qərarları › İş №3(002)-1588/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1588/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1588/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş hüquqşünası X2, Barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 02 avqust 2023-cü il tarixdə, saat 15:47 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş hüquqşünası X3 çıxışında protokolu müdafiə etdiyini qeyd edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirdi ki, inzibati protokolda qeyd edilənlərin onların müəssisəsi ilə heç bir aidiyyəti yoxdur. Belə ki, qeyri-yaşayış sahəsi müəssisə tərəfindən icarəyə götürülmüşdür və tikilinin üzərindəki yazı obyekt icarəyə götürülən zaman var idi. İnzibati xətanın onlara heç bir aidiyyəti yoxdur və inzibati xəta haqqında protokol da təqdim olunmamışdır. Əmlak qapalı məkanda yerləşən və özəl mühafizə şirkəti tərəfindən mühafizə olunan "xxxx" Firmasına aiddir. Binanın üzərinə vurulmuş yazı ilə bağlı "xxxx" Firmasına müraciət edilməlidir.Belə ki, işlətdikləri mağaza ilə həmin yazı arasındakı məsafə 50 metrdən çoxdur. Bütün bunları nəzərə alaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol əsassız olduğundan və Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 02 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə, saat 13:10-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində Şəxs MMC-yə məxsus obyektin üzərində müvafiq icazə olmadan yayımlanmış 5 ədəd 70 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3-cü bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilsə də, Şəxs MMC tərəfindən göstəriş icra edilməmiş, pozuntular aradan qaldırılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam İdarəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə, saat 15:47-də Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin faktiki hallarına, tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC tərəfindən ilk dəfə inzibati xəta törədilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, həmçinin məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar