Məhkəmə qərarları › İş №3(002)-1593/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1593/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1593/2022 30.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır və buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektlərinə aiddir. Nümayəndəsi olduğu Cəmiyyət isə kiçik sahibkar kateqoriyasına aid olduğundan fəaliyyət göstərdikləri 5 il ərzində onlardan ümumiyyətlə illik maliyyə hesabatı tələb olunmamışdır. Bundan əlavə onların illik maliyyə hesabatı təqdim etmələri tələb olunan kateqoriyaya aid olması barədə sübutlar (büdcə gəlirləri) inzibati orqan tərəfindən iş materiallarına əlavə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 133.2.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli, 3(002)-1593/2022 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hüquqi ünvanı ünvan 2i xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (14 noyabr 2022-ci il tarixli reyestr nömrəsi 8). Bununla da, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yeganə ünvanı kimi qeyd edilən ünvan 4 həmçinin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 21 noyabr 2022-ci il tarixli məhkəmə iclası 30 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli bildirişindən görünür ki, Şəxs 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 27 oktyabr 2022-ci il tarixdə saat 12:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 27 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericiliklə məcburi auditin aparılmasına dair tələb yalnız orta və iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən Komi Forest” MMC-nin bu kategoriya sahibkarlıq subyektinə aid olunmasını müəyyən etmək mümkün deyil, Cəmiyyətin nümayəndəsi tərəfindən isə onların həmin kateqoriya sahibkarlıq subyektinə aid olmaları inkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar