Məhkəmə qərarları › İş №3(002)-1599/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1599/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1599/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 21 iyul 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında bildirmişdir ki, ümumilikdə yeddi iş məhkəməyə göndərilib. Həmin işlərə görə məhkəməyə cəmi iki poçt qəbzi və iki poçt reyestri təqdim olunub. Eyni zamanda inzibati orqan tərəfindən poçta təqdim olunmuş sənədlər barədə tərtib olunmuş poçt reyestrində Şəxsun adı yalnız bir dəfə görsənir. Belə olan halda həmin konvertdə digər sorğuların olmasını təsdiq edən heç bir sübut əlavə edilməyib. Eyni zamanda iş materiallarına nəzər yetirəndə məlum olur ki, inzibati pozuntunun törədildiyi tarixdə inzibati orqan tərəfindən işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad vardır. Onda sual yaranır ki, inzibati orqana hardan məlum olmuşdur ki, Şəxs MMC həmin sorğuya cavab verməyəcək və məhz buna görə də Şəxs MMC inzibati məsuliyyətə cəlb ediləcək? Odur ki, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və tərəfin izahatını dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, Şəxs MMC-yə məxsus olan “DAF TE95XF430 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs 04 iyul 2023-cü il tarixdə saat 20:06-da Saatlı rayonu, Heydər Əliyev prospekti 291 ünvanında nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı edilən sorğunu Şəxs MMC qəbul etsə də, sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən aydın olur ki, yuxarıda qeyd olunanlarla bağlı Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən göndərilmiş məktub Şəxs MMC tərəfindən 10 iyul 2023-cü il tarixdə qəbul edilmiş, lakin müvafiq cavab verilmədiyi üçün 21 iyul 2023-cü il tarixdə protokol tərtib edilmişdir. Göründüyü kimi müddətlə bağlı hər hansı anlaşılmazlıq mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 347-ci maddəsində göstərilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə: vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci, 114, 115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 21 iyul 2023-cü il tarixl, İXP ******* №-li protokol üzrə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar