Məhkəmə qərarları › İş №3(002)-16/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-16/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-16/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi “xxxx” MMC-nin direktoru X1 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən “xxxx” MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən aptekdə Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinin pozulması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin direktoru X3 öz izahatında protokolu qəbul etməyərək, protokolun əsassız tərtib edildiyini, həmin aptekin müdiri olduğunu, xx xxxxxx 2020-ci il tarixdə o “Qələbə günü” münasibətilə tort alaraq aptekə qoyub getdiyini bildirmişdir. Həmin gün aptekdə günorta nahar fasiləsi zamanı aptekdə olan kollektiv, o cümlədən aptekə təcrübə keçmək üçün gəlmiş X4 aptekdə giriş qapısının üzərində olan “bağlıdır” lövhəsini asaraq çay içib tort yeyərkən vergi əməkdaşı qəflətən içəri daxil olaraq onun şəkilini çəkmişdir. Nuray isə tort yediyi üçün qoruyucu vasitə çənəsinin üzərində olmuş və maskanı üzünə taxmağa fürsət tapmamışdır. Bundan sonra həmin əməkdaş Nuraydan narahat olmamasını, izahat yazaraq tort yediyini bildirmisəni və xəbərdarlıq edəcəyini deyərək Nurayın izahatını almışdır. Lakin sonradan onlara məlum olmuşdur ki, “xxxx” MMC barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Bu hadisədən gec xəbər tutduqları üçün aptekdə olan videogörüntü də müddət keçdiyi üçün yaddaşdan silinmişdir. Buna baxmayaraq həmin hadisədən bir neçə dəqiqə əvvəl aptekdə olan əməkdaşlar çay süfrəsini mobil telefon vasitəsi ilə çəkmişlər. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə ilə əlaqədar ona rəsmi və ya qeyri-rəsmi forma vergi nümayəndəsi tərəfindən heç bir məlumat verilməmiş, protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, protokolda əsassız olaraq guya onun protokolu imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilat nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında bildirmişdir ki, o həmin aptekdə təcrübədə olarkən həmin gün aptekin müdiri olan X3 “Qələbə günü” münasibətilə aptekə tort alıb gətirmiş və tortu qoyub getmişdir. Daha sonra ümumi kollektiv ilə aptekdə tort yemək məqsədi ilə aptekin giriş qapısının üzərinə “bağlıdır” lövhəsini yerləşdirib tort yeyərkən iki nəfər tanımadığı şəxs əlində telefonla aptekə daxil olaraq vergidən gəldiyini bildirmiş və çek istəmişdir. O, həmin an mobil telefonuna zəng gələrkən özü də bilmədən həmin şəxslərdən biri onun fotoşəklini çəkmişdir. Həmin vaxt aptekin nahar fasiləsi olduğunu və aptekdə heç bir müştərinin olmadığını bildirmişdir. Bundan sonra nümayəndə ona narahat olmamasını bildirərək maska taxmadığı üçün xəbərdarlıq olunacağını və həmin məzmunda izahat verməli olduğunu bildirmişdir. O da nümayəndənin sözünə inanaraq həmin vaxt tort yediyini və çay içdiyini izahatında qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, nahar fasiləsi zamanı aptekin kollektivi ilə mobil telefon vasitəsi ilə fotoşəkil çəkdirmişlər və həmin fotoşəkli məhkəməyə təqdim edə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə inzibati icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edilərkən və qeyd olunan inzibati pozuntu ilə əlaqədar akt tərtib edilərkən qeyd olunan aptekin hər hansı bir səlahiyyətli nümayəndəsi iştirak etməmiş, inzibati araşdırmanın aparılması və inzibati protokolun tərtib edilməsinin yeri və vaxtı barədə həmin təşkilatın nümayəndəsinə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə protokol və akt tərtib edilərkən protokolda hüquqi şəxsin rəhbəri X2 izahat verməkdən imtina etməsi qeyd edilsə də, onun həmin vaxtı ümumiyyətlə hadisə yerində olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxsin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolun müəyyən edildi hissəsində: “aptekdə Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinin pozulması faktı aşkar olundu” kimi qeyri-müəyyən qeydiyyat aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar