Məhkəmə qərarları › İş №3(002)-160/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-160/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-160/2022 31.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X2 inzibati tənbeh vermə haqqında qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X4, Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 12 aprel 2021-ci il tarixli qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X4 məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ilə müraciət etməli olduğu halda inzibati xətalar haqqında qanunvericilikdə nəzərdə tutulmayan “iddia ərizəsi” ilə müraciət etmişdir. Bundan başqa X4 məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ilə müraciət etməli olduğu halda inzibati xətalar haqqında qanunvericilikdə nəzərdə tutulmayan “qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə” iddia ərizəsi ilə müraciət etmişdir. Bundan başqa X4 iddia ərizəsinə barəsində qəbul edilmiş MN ******* nömrəli 12 aprel 2021-ci il tarixli qərarın surətinin ancaq birinci səhifəsini əlavə etmiş və qərarın ikinci səhifəsi yəni, inzibati cərimə tətbiq edilən hissə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılsın. X3 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarı tam olaraq şikayətinə əlavə etməklə “inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair” şikayətlə hadisənin törədildiyi ərazinin yerləşdiyi rayonun məhkəməsinə müraciət edə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar