Məhkəmə qərarları › İş №3(002)-1602/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1602/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1602/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 21 iyul 2023-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 öz izahatında bildirmişdir ki, ümumilikdə yeddi iş məhkəyə göndərilib. Həmin işlərə görə məhkəməyə cəmi iki poçt qəbzi və iki poçt reyestri təqdim olunub. Eyni zamanda inzibati orqan tərəfindən poçta təqdim olunmuş sənədlər barədə tərtib olunmuş poçt reyestrində Şəxsun adı yalnız bir dəfə görsənir. Belə olan halda həmin konvertdə digər sorğuların olmasını təsdiq edən heç bir sübut əlavə edilməyib. Eyni zamanda iş materiallarına nəzər yetirəndə məlum olur ki, inzibati pozuntunun törədildiyi tarixdə inzibati orqan tərəfindən işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad vardır. Onda sual yaranır ki, inzibati orqana hardan məlum olmuşdur ki, Şəxs MMC həmin sorğuya cavab verməyəcək və məhz buna görə də Şəxs MMC inzibati məsuliyyətə cəlb ediləcək? Bundan başqa həmin yeddi işdən bəzilərinin poçt qəbzlərinə nəzər yetirdikdə məlum olur ki, sorğu onlara 18 iyul 2023-cü il tarixdə çatıb. Halbuki yuxarıda da qeyd etdikləri kimi sorğular şirkətə daxil olmamışdır. Hətta hesab etsək ki, sorğular Şəxs MMC-yə 18 iyul 2023-cü ildə daxil olub o, zaman barələrində protokol 21 iyul 2023-cü ildə tərtib olunub ki, bu da 5 günlük cavab vermə müddətindən kənara çıxır. Onlar mütəmadi olaraq Şəxsun bütün nəqliyyat vasitələrinin sürücüləri barədə İnzibati Orqana məlumat verirlər. Məsələn 14 aprel 2023-cü il tarixdə göndərdikləri və inzibati orqan tərəfindən 20 aprel 2023-cü il tarixdə qəbul olunmuş məktub və 20 iyul 2023-cü il tarixdə göndərdikləri və inzibati orqan tərəfindən 25 iyul 2023-cü il tarixdə qəbul olunmuş məktubda sorğuda adı keçən nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat vermişlər. Həmçinin məktubda qeyd etmişlər ki, siyahıda dəyişiklik olacağı halda dərhal inzibati orqana məlumat veriləcək. Məlum olduğu kimi, İXM-nin 103-cü maddəsinə əsasən inzibati protokol tərtib edildikdən sonra 48 saat ərzində məhkəməyə göndərilməlidir. Lakin hazırki işlər üzrə protokol 21 iyul 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəməyə 03 avqust 2023-cü il tarixdə göndərilib. Odur ki, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-yə məxsus “DAF FTXF 105 yük” markalı ** JB *** qeydiyyat nişanlı avtomobilin sürücüsü 05 iyul 2023-cü il tarixdə, saat 13:38-də H.Z.Tağıyev-Sahil yolunun 38.1-ci kilometrliyində, Sahil istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına Şəxs MMC-yə göndərilmiş bildirişin alınmasına dair xəbərnamənin surəti əlavə edilsə də həmin xəbərnamənin hansı iş üzrə göndərilməsini, eləcə də həmin xəbərnamənin konkret olaraq kimin tərəfindən və hansı iş üzrə alınmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa qeyd olunan inzibati materialın baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi barədə tərtib edilmiş qərardadın tarixi 05 iyul 2023-cü il kimi qeyd edilmişdir. Hansı ki, bu barədə protokol həmin tarixdən sonra yəni, 21 iyul 2023cü il tarixdə tərtib edilmişdir. Məhkəmə bu halı, istər texniki səhv, istərsə də hər hansı bir başqa səbəbdən baş versə də, kobud pozuntu kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 21 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar