Məhkəmə qərarları › İş №3(002)-1612/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1612/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1612/2025 06.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Laqodexi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Sadıqov X8 rayon məhkəməsinin 2(002)-1790/2013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və və onun icra vərəqəsi üzrə 4618 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 06 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 məhkəmə iclasında bildirmişdir ki, Şəxs dəfələrlə icra vərəqəsinin icrası tələb edilsə də o, yığılmış aliment borcunun qızına məxsus kart hesabına köçürdüyünü bildirir. Borclu icra sənədini qərəzli şəkildə icra etməkdən yayınır. Şəxs 4618 manat aliment borcu vardır. Tələbkar yığılmış aliment borcunu tam olaraq tələb edir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, aliment məbləğini hər ay qızının kart hesabına ödəmişdir. O, aliment öhdəliyini icra etməkdən yayınmır. Keçmiş icra məmuru Rəsul Mirzəpurun verdiyi kart hesabına ödəmişdir. Aliment tutulandan 200 manat ödəyir. Aliment borcunun silinməsi ilə bağlı məhkəməyə də müraciət etmişdir. Bununla bağlı icra şöbəsinə rəsmi müraciət etmişdir. Cavab aldıqdan sonra icra məmurunun hərəkətlərindən İnzibati Məhkəməyə müraciət edəcəkdir. Hal-hazırda 1000 manat ödəniş edə bilər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hər ay qızının kart hesabına ödəniş etdiyini və aliment üzrə borcu olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs borc öhdəliyini vaxtında icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun qətnaməni üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs tərəfindən hər ay ona verilmiş kart hesabına müvafiq aliment ödənişləri edilmişdir. X1 yalnız 1 ildən sonra Şəxs tərəfindən alimentin ödənilməməsi ilə bağlı icra məmuruna etdiyi müraciət bunu bir daha sübut edir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Qaradağ filialı, Bankın kodu 200220, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, hesablaşma hesabı AZ65AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar