Məhkəmə qərarları › İş №3(002)-1615/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1615/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1615/2022 14.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı yataqxanada həyat yoldaşı G.A.Xəlilovanı döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi A.Ə.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, zərərçəkmiş şəxs G.A.Xəlilova 06 avqust 2022-ci il tarixdə DİN 102 xidmətinə və Qaradağ rayon 38-ci PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 20 saylı yataqxanada həyat yoldaşı Şəxs, onun xalası Sevda və qaynanası Sahibə tərəfindən döyülərək bədən xəsarətləri almasını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı PB-də araşdırma aparılmış, zərərçəkmiş şəxs G.A.Xəlilovanın müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə 02 sentyabr 2022-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində arvadı Gülzar Xəlilova ilə mübahisə etmiş, mübahisə zamanı Gülzara 1 şillə vurmuşdur. Daha sonra əsəbləşərək lezva ilə sol bilək nahiyəsini kəsərək intihar etmək istəmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Əlavə olaraq Şəxs bildirmişdir ki, mübahisə yalnız o, və həyat yoldaşı arasında olmamış, həyat yoldaşı G.A.Xəlilova da onun anası Sahibə Xəlilovaya xəsarət yetirdiyindən onun da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs G.A.Xəlilova öz izahatında bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Onların birgə nikahdan 4 yetkinlik yaşına çatmayan övladları vardır. xx.xx.2022-ci il tarixdə Sənan ondan 100 manat borc pul tapmasını istəmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Sənanın xalası Sevda, anası Sahibə və Sənan birlikdə onu döymüşlər. Mübahisə zamanı Sənan onun üzünə 1 şillə vurmuşdur. Bu hallar dəfələrlə baş vermiş, artıq bu hallara dözə bilmədiyindən nikahın pozulması ilə bağlı da məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, ekspert rəylərini və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 canlı şəxsin ekspertizası 08 avqust 2022-ci il tarixli, 562 saylı ekspertin rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın hər iki gicgah, döş qəfəsinin ön səthi və sol bud nahiyələrinin qançırları, döş qəfəsinin ön səthinin və alt çənə bucağının sıyrıqları, sağ yanaq nahiyəsinin selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, G.A.Xəlilovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alaraq, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 canlı şəxsin ekspertizası 08 avqust 2022-ci il tarixli, 560 saylı ekspertin rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsinin kəsilmiş yarası, sol gözün iç bucağının və sağ almacıq nahiyəsinin sıyrıqları, boyun nahiyəsinin qançırı. Göstərilən xəsarətlərdən sol said nahiyəsinin kəsilmiş yarası iti kənara və ya iti uca malik əşya (alət) təsirindən, sol gözün iç bucağının və sağ almacıq nahiyəsinin sıyrıqları, boyun nahiyəsinin qançırı isə bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 15 saylı X11 Stansiyasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkün hesab edilmişdir. Dərəcələrinə görə sol said nahiyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmiş, sola gözün iç bucağının və sağ almacıq nahiyəsinin sıyrıqları, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq qeyd olunmuşdur ki, həmin xəsarətlərdən sol said nahiyəsinin kəsilmiş yarası şəxsin özü tərəfindən yetirilməsi inkar olunmur, digər xəsarətlər isə kənar şəxs tərəfindən törənməsi mümkündür. İş materiallarında olan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı yataqxanada həyat yoldaşı G.A.Xəlilovanı döymüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, G.A.Xəlilovanın və Şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, G.A.Xəlilovanın, Şəxs və S.M.Xəlilovanın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Qaradağ RPİnin 38-ci PB-yə göndərilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 3(002)-1617/2022 saylı, 14 noyabr 2022-ci il tarixli, 3(002)-1616/2022 saylı qərarlarından görünür ki, X4 və X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişlər. Beləliklə, məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlərlə qəsdən fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi özünün səmimi etirafı, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyləri, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs G.A.Xəlilovanın özünün də etiraf etdiyi kimi o, yalnız əri Şəxs tərəfindən deyil, həmçinin qaynanası X5 tərəfindən də döyülmüşdür. Bununla əlaqədar olaraq Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 3(002)-1616/2022 saylı qərarı ilə S.M.Xəlilova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsaslanmaqla Şəxs 4 uşağının olmasını, eyni zamanda əməlini səmimi etirafını, əməlindən peşman olmasını məhkəmə, məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində həmin Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar