Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1615/2024 03.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxsin vəkili Nümayəndə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X1 iştirakları ilə, X2 Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 2007-ci ildə kənd təsərrfütatı ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qara Dərə adlanan qış otlaq sahəsində 10 ha torpaq sahəsi icarə müqaviləsi əsasında 99 il müddətinə onun istifadəsinə verilmişdir. Lakin, naməlum şəxslər tərəfindən ona verilmiş həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilməsi barədə məlumat aldıqdan sonra, həmin əraziyə oğlunu göndərərək bu əməli kimin törətməsi ilə maraqlanmış, lakin müəyyən edə bilməmişdir. Qaradağ rayon Polis İdarəsinə kənd təsərrüfatı torpaq sahəsinin zəbt edən şəxslərin aşkar edilməsini və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət etməsindən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, müraciətinin nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili Nümayəndə izahatında bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən X2 istifadəsində olan Qaradağ rayonu Qara Dərə adlanan qış otlaq sahəsində naməlum şəxslər tərəfindən fərdi yaşayış evi inşa olunduğu müəyyən edilmişdir. Bu səbəbdən sonuncunun inzibati cərimə olunması barədə qərar qəbul olunmuş, və onun hüquqları 2 tərəfdən pozulmuşdur: həm istifadəsində olan torpaq sahəsi qanunsuz şəkildə zəbt edilmiş, həm də barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Qaradağ rayon Polis İdarəsinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edən şəxslərin aşkar edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edilsə də iki aydan artıq vaxt keçməsinə baxmayaraq, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsə 99 illik müqavilə əsasında ayrılmış torpaq sahəsini 10 ha ərazini əhatə edir və sonuncu torpaq sahəsinin koordinatlarının məhz hansı hissəyə düşməsindən məlumatsız olduğu üçün evlərin onun aid torpaq sahəsində inşa edildiyini müəyyən edə bilməmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X5 barəsində inzibati cərimə barədə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsində inşa edilmiş evlərin mülkiyyətçiləri barədə onlara məlumat verilməsi ilə bağlı müraciət etmişdir, nəticəsi isə olmamışdır. Bu səbəbdən inşa edilmiş qanunsuz evlərin sökülməsi barədə mülki qaydada iddia qaldırmaları mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında qərarı müdafiə edərək bildirdi ki, dövlət mülkiyyətində olan Qaradağ rayonu Qara Dərə adlanan 10 hektar otlaq sahəsi 99 illik müqavilə əsasında X2 istifadəsinə kənd təsərrüfatı məqsədilə verilmişdir. Əraziyə baxış keçirərkən orada kimsənin yaşamadığı fərdi yaşayış evi inşa edildiyi müəyyən edilmişdir. Bu hal müəyyən edildikdən sonra kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş evlərlə bağlı ətraflı araşdırma aparmaqla ədalətli qərar qəbul edilməsi məqsədilə X5 Xidmətə dəvət edilsə də gəlməmişdir. Bu səbəbdən qeyd olunan qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd etdi ki, hazırda da həmin ərazidə tikinti işləri naməlum şəxslər tərəfindən davam etdirilir, torpaq sahəsi istifadəsinə verilmiş şəxs oradan təyinatı üzrə istifadə etməməklə nəzarətsiz qoymuşdur. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi nəticəsində X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X5 barəsində İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında icraatın aparıldığına dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xəbərdar edilmişdir. İşə əlavə edilmiş MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, dövlət mülkiyyətinə məxsus və sahəsi 10 ha olan torpaq sahəsi 99 il müddətinə kənd təsərrüfatını inkişaf etdirmək öhdəliyi ilə X2 istifadəsinə verilmişdir. İşə əlavə edilmiş X5 tərəfindən qərarın ləğvi barədə xx.xx.2024-cü il tarixli müraciətdən və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmiş məktubdan görünür ki, X2 qərarın ləğv edilməsinə dair müraciəti təmin edilməmişdir. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, o, kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə 99 il müddətinə istifadəsinə verilmiş torpaq sahəsini nəzarətsiz saxlaması nəticəsində naməlum şəxslər tərəfindən orada evlər inşa edilmişdir. X2 vəkili məhkəmə iclasında izahat verərkən inşa edilmiş evin kimə məxsus olmasından məlumatsız olduqlarını və bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etdiklərini qeyd etsə də, bunu təsdiqləyəcək hər hansı faktı məhkəməyə təqdim edə bilməmiş, təqdim edilmiş müraciətin hazırkı işə aid-olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs həmin qərar qəbul edilənədək səlahiyyətli orqana dəvət edilmiş, lakin iştirak etməmişdir. Göründüyü kimi X4 dövlət tərəfindən ayrılmış torpaq sahəsini təyinatına uyğun istifadə etməmiş, koordinatları barədə məlumatsız olduğunu əsas gətirərək orada inşa edilən evlərin kimlərə məxsusluğunu belə dəqiqləşdirməmiş və ya bu barədə səlahiyyətli quruma məlumat verməmişdir. Yalnız, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra evləri inşa etmiş şəxslər barədə məlumat əldə etməq məqsədilə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1615/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1615/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver