Məhkəmə qərarları › İş №3(002)-1633/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1633/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1633/2024 02.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş X2 İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 01 aprel 2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 01 aprel 2024ci il tarixdə, saat 00:58-də DYPİ-nin Bakı-Qazax yolunda yerləşən 719 saylı postunda idarə etdiyi “KAMAZ 5511 yük” markalı ** DL *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən onun iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 01 aprel 2024ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in Baş X2 İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəsmi qaydada təkrarən məlumat verilsə də tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verməmişlər. İş materiallarında olan poçt qəbzinin surətindən isə aydın olur ki, tərəflər məhkəmə iclası barədə bildirişi almışlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Buna görə də məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsin Yol Patrul Xidməti Alayının **********036 nömrəli qəbzindən aydın olur ki, “KAMAZ 5511 yük” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomonbilin oxlarının sayı 4 ədəd olmaqla ümumi çəkisi 42840 kiloqramdır. Həmin qəbzə əsasən dörd oxlu yük avtomobilləri üçün buraxılan çəki miqdarı 32 000 kiloqramdır. Belə olan halda sözügedən “Kamaz” markalı avtomobilin çəkisi normadan kifayət qədər yüksək olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X1 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 097336 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10496 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 05 may 2023-cü il olmaqla, 05 may 2024cü il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzinbati tənbehvermə haqqında qərardan aydın olur ki, Şəxs, 719 saylı postda iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş elektron daşıyıcıda əks olunmuş videoçəkilişə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi bir daha öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar