Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1634/2025 27.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X3 DİN-in BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27439692 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27439692 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, 20 Aprel 2025-ci il tarixində yol vərəqəsi əsasında idarə etdiyi Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin balansında olan RENAULT LOGAN MİNİK markalı 10PS176 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən elektron qaydada müvafiq olaraq EQ27439692 saylı protokol ilə Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə əlli manat məbləğində cərimə edilmişdir. Protokol üzrə həmin cərimə qanunsuz və əsassızdır. Ona görə də, protokol əsasında verilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli, başlanmış iş üzrə icraatlara xitam verilməlidir. Belə ki, elektron cərimə tətbiq edilərkən iş hərtərəfli araşdırılmamış, nəqliyyat vasitəsinin qanunda göstərilmiş qaydada texniki baxışdan keçirilməsi üçün müəssisə tərəfindən aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin BDYPİ-nə müraciətin olunduğu (buna baxmayaraq qanunda göstərilmiş müddətdə cavab verilməmişdir) nəzərə alınmamışdi. Mərkəz tərəfindən xx.xx.2025-ci il tarixində 35 nömrəli məktub ilə DİN-in BDYPİ-nə müraciət olunmuş, nəqliyyat vasitəsinin Müayinə Mərkəzində 2025-ci il üçün texniki baxışdan keçirilməsinə göstəriş verilməsi xahiş edilmiş, nəqliyyat vasitəsi Mərkəzin mexaniki tərəfindən müayinə mərkəzinə aparılmışdır. Lakin müraciətə cavab verilməmiş, dəqiq səbəb göstərilmədən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi təmin edilməmiş, qunun əvəzinə 20 Aprel 2025-ci il tarixində EQ27439692 saylı protokol tərtib edilmiş və 50 manat məbləğində qanunsuz cərimə tətbiq edilmişdir. 24 Aprel 2025-ci il tarixində təkrar eyniməzmunlu 45 nömrəli məktubla yenidən eyni quruma müraciət olunmuş, yalnız bundan sonra qurum tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-xxxx-89783/2025 nömrəli məktubla (daxilolma: xx.xx.2025; №29) cavab verilmişdir. Buna müvafiq olaraq xx.xx.2025-ci il tarixində nəqliyyat vasitəsi yenidən müayinə mərkəzine aparılsa da, yenə dəqiq səbəb göstərilmədən baxışın həyata keçirilməsi təmin edilməmişdir. Qeyd edim ki, xx.xx.2025-ci il tarixində yenidən EQ2785926 saylı protokol ilə cərimə edilmişəm. Qeyd edilənlərə əsasən iş üzrə inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27439692 saylı protokolu əsasında xx.xx.2025-ci il tarixli elektron Qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27439692 saylı elektron qərarının ləğv edilməsi, eləcə də həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin iclasının yeri və vaxtı barədə qərardan şikayət vermiş şəxsə və Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqandan nümayəndə və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27439692 nömrəli qərardan aydın olur ki, X4 “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8 saylı Peşə Liseyinin balansındadır. Minik maşını üçün yol vərəqəsindən görünür ki, RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üzrə X4 idarə edir. DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərə (dövlət qurumlarına) məxsus nəqliyyat vasitələrinin qanunvericiliklə nəzərədə tutulmuş texniki baxış müddəti bitdiyi təqdirdə Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələri müvafiq sənədlər təqdim edilməklə ərazi üzrə DİN-nin BDYPİ-nin Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Müayinə mərkəzlərində, nəqliyyat vasitəsi respublikanın digər rayonlarında istismar olunduqda isə həmin ərazidə istifadə olunmasına dair sənəd əsasında regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində baxışdan keçirilə bilər. Məhkəmə “Bakı Peşə Təhsil Mərkəzi” X5 balansında olan “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobilin DİN- nin BDYPİ-nin Müayinə Mərkəzlərində texniki baxışdan keçməsi üçün hər hansı dövlət rüsumundan azad olma halını nəzərdə tutmamışdır. “Dövlət rüsumu haqqında” Qanunun 18.65.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə: 18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat; 18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 manat müəyyən edilmişdir. Həmin qanunda dövlət mülkiyyətində olan nəqliyyat vasitəsinin dövlət rüsumundan azad olmasına dair hər hansı müddəa göstərilməmişdir. Buna görə də, “Bakı Peşə Təhsil Mərkəzi” X5 balansında olan “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı avtomobilin DİN-nin BDYPİ-nin Müayinə Mərkəzlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəyərək texniki baxışdan keçməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 “RENAULT LOGAN MİNİK” markalı “10PS176” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X3 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsində nəzərdə tutulmuşdur: I. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) həyata keçirirlər. IV. Nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir. V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Vİ-İ. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi; 3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 4) dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; 4-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. Vİ-İİ. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin Vİ-İİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində. VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; 2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya ödənilməsi barədə sənədi; Vİİ-İ. Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılır. Vİİ-İİ. Texniki baxış keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir . Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının X2 vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının X2 vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Qanunun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur. Müvafiq icra hakimiyyəti orqanının X2 nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir. IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin DİN-in BDYPİnin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27439692 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı o lduğundan həmin qərar dəyişdirilmədən, X3 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daxili İşlər Nazirliyinin BDYPİ-nin DİN-in BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27439692 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, X3 şikayəti isə təmin edilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1634/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1634/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver