Məhkəmə qərarları › İş №3(002)-1635/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1635/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1635/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərti etmiş səlahiyyətli orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsin tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:25-də, idarə etdiyi “Kamaz 55111” yük markalı **- BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, “Kamaz 55111” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmişdir. Bu hal müəyyən edildikdən sonra sürücü dərhal məlumatlandırılmışdır. Bundan əlavə, ölçmə vasitəsinin qəbzindən müəyyən olunur ki, sürücü tərəfindən oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, ““Kamaz 55111” markalı **-BT- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daş daşıyarkən xx.xx.2024-cü il tarixdə YPX əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla, təqribən 1 ton 700 kq artıq olması müəyyən edilmişdir. Lakin, o, ölçmə prosesi aparılarkən orada bilavasitə iştirak etməmiş, ona sadəcə qəbz təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “Kamaz 55111” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 3 oxlu olmaqla Rusiya istehsalıdır. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə “Kamaz 55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün, 25 ton olmalı olduğu halda, 26 ton 700 kiloqram çəkidə olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:11-də Bakı-Qazax yolunun 47.5-ci km-də “Kamaz 55111” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 1200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 01 ədəd CD diskdə olan görüntülərdən aydın olur ki, “Kamaz 55111” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmiş, bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmiş və sonuncunun bilavasitə özünün iştirakı ilə təkrar ölçmənin aparılmasına dair heç bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Şəxs özünü təqsirli bilməsə də törətmiş olduğu inzibati xəta işə əlavə olunmuş sənədlərlə, inzibati xəta haqqında protokolla, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə təqdim edilmiş 01 ədəd CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmaqla 1200 (bir min iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar