Məhkəmə qərarları › İş №3(002)-1641/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1641/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1641/2025 12.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati xəta haqqında materialda və protokolda göstərilmişdir ki, Şəxs 11 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində Lökbatan qəsəbəsi, Heybət yolunda tabesizlik göstərərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 12 avqust 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X2 öz izahatında protokolu ilə əlaqədar bildirmişdir ki, Şəxs barəsində tərtib edilən raportu əsas götürərək 12 avqust 2025-ci il tarixdə, MN ******* saylı protokolda vətəndaş Şəxs 11 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində Lökbatan qəsəbəsi, Heybət yolunda tabesizlik göstərərək polisin qanuni tələblərinə məhəl qoymadığını göstərilmişdir. O, həmin hadisənin şahidi olmamışdır. Şəxs əməlinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində xaricdən gələn qohumunu qarşılamaq üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Heybət yolu” adlanan ərazidə etibarnamə ilə idarə etdiyi “BMW 320İ MİNİK” markalı “**-GD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Akkord” adlı şirkətin qarşısında yerləşən “Tır Park”da yük avtomobillərinin qarşısı ilə hərəkət edərkən 258 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili onu saxlayıb onun avtomobilinin qabaq oturacağında əyləşən azyaşlı oğlunun yaşını soruşmuş, o, isə cavabıdan oğlunun 14 yaşının olduğunu bildirmişdir. Yol patrul xidməti əməkdaşları ona yolun əks istiqamətində hərəkət etdiyini bildirmişdir. O, isə avtomobilin yolun hərəkət izolağından kənarda olduğunu bildirmişdir. İdarə etdiyi avtomobil həqiqətən də yolun hərəkət zolağından xeyli kənarda dayanraq yük avtomobillərinin qarşısında olmuşdur. Yol-patrul xidmətinin inspektoru ona yol polis maşınına oturmasını bildirmişdir. Avtomobildə isə yolpatrul xidməti avtomobilini idarə edən digər əməkdaş əlində bort kompyuterlə onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını sistemdə yolxayaraq ona inzibati xəta haqqında protokol yazacağını, cəriməni ödəməsini demişdir. O, isə cavabında inzibati xəta pozuntusuna yol vermədiyini, avtomobilini avtomobil yolundan xeyli kənarda saxladığını, haqsız yerə cərimə yazacağı halda DİN-nin 102 xidmətinə zəng edəcəyini bildirmiş, sonra isə DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vemiş, idarə etdiyi nəqliyyat vasitəsinin həqiqətən də yolun hərəkət zolağında olmadığını sübut etmək üçün üzərində olan mobil telefonla yolu və avtomobilini çəkməyə başlamışdır. Bunu görən yol-patrul xidmətinin inspektoru dərhal post-patrul xidmətini həmin yerə çağırmış, onu avtomobilə oturdub Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. 10-cu PŞ-nə heç bir müqavimət göstərmədən, öz razılığı ilə gəlmişdir. Polisin hər hansı qanuni tələbinə qarşı tabesizlik göstərmə, xırda xuliqanlıq əməllərinə yol verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis baş serjantı X3 öz izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Heybət yolu” adlanan ərazidə xidmətdə olarkən “BMW 320İ MİNİK” markalı “**-GD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun çiyni ilə əks istiqamətdə hərəkət etdiyini gördüyünə görə, həmin nəqliyyat vasitəsinə “saxla” işarəsini vermişlər. Bu zaman vətəndaş sənədləri təqdim etməyib polisin qanuni tələblərinə tabe olmyaraq əlində olan mobil telefonla polisin xidməti fəaliyyətini görüntüyə almağa başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, vətəndaş bu tələblərə məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam etmişdir. Bu zaman onlar radiorabitə vasitəsilə kömək çağırmışlar. Bir neçə dəqiqədən sonra ƏÇPA-nın avtomobili onlara yaxınlaşmış, həmin vətəndaşı ƏÇPA-nın əməkdaşları ilə birlikdə 10-cu PŞ-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Vətəndaş barədə qanuni tədbirlər görülməsini xahiş edir. Hadisə yerində onun dediklərini təsdiqləyən video və foto görüntüləri onda yoxdur. Yalnız Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi barədə İXP ******* nömrəli 11 avqust 2025-ci il tarixli protokol tərtib etmişdir. Həmin protokolu məhkəməyə təqdim edir. Hadisə yerində çəkdiləri fotoşəkildə də Şəxs avtomobilini yolun çiynində hərəkət hissəsinin əks istiqamətində saxladığı müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 12 avqust 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 12 avqust 2025-ci il tarixdə, saat 01:00-da tutulmuşdur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi və onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki hadisə yerinin hər hansı video və foto görüntüsü mövcud deyildir. Həmçinin Şəxs inzibati xəta haqqında protokolun yazılması üçün yol-patrul xidməti avtomobilinə dəvət edilməsi və vətəndaşın həmin avtomobildə oturmağa vadar edilməsi qanunvericiliyin pozulmasıdır. Bundan başqa, protokol tərtib edən şəxsin, yol-patrul xidməti əməkdaşının izahatlarında ümumiyyətlə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs xırda xuliqanlıq törətməsi təsdiqini tapmamışdır. Yalnız hadisə yerində Şəxs avtomobilinin yolunun hərəkət zolağından xeyli kənarda olduğunu sübut etmək üçün ərazini mobil telefonu ilə çəkməyə başlamışdır. Buradan da, Şəxs polisin hər hansı qanuni tələbinə qəsdən tabe olmama hallarına yol verdiyi görünmür. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmadığından Şəxs əməllərinə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar