Məhkəmə qərarları › İş №3(002)-1649/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1649/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1649/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X3 iştirakı ilə, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs MMC, 3-44-1/2-1-4734/23 saylı bildiriş məktublarında qeyd olunan müraciətlər əsasında idxal olunmuş ərazlıq kartof, bibər, kivi və xiyar məhsullarını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonu, Qurd Qapısı adlanan yerdə yerləşən anbarda 11 may 2023-cü il tarixdə satmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni təmsilçisi və direktoru X4 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən verilən 69 (altmış doqquz) müraciət üzrə məhsulların standarlara uyğun olmaması ilə bağlı Qaradağ rayon məhkəməsinə inzibati material göndərilmişdir. Bildirmişdir ki, idxal olunmuş mallar Bakı Baş Gömrük İdarəsində AQTA-nın sistemdə icazəsi olmadan buraxılmır. Eyni zamanda qeyd etmişdir ki, buraxılmadan əvvəl BBGİ-də mallardan nümunə götürülür. AQTA-nın nümayəndələri tərəfindən götürülən nümunələr düzgün qablaşdırılmır, adi sellofon paketlərə yığılır, ağzı bağlanmır, günlərlə arazidə, açıq havada qalır. Nümunələrin yoxlanılmasının nəticələri barədə maksumum 15 (on beş) gün ərzində idxalçıya məlumat verilməli olduğu halda, günlərlə, hətta aylarla məlumat verilmir, anbara baxış keçirilmir, tərtib olunan protokollarla tanış olmaq və onları imzalamaq üçün idxalçı dəvət olunmur. Bununla yanaşı, eyni dövlətə məxsus eyni şirkətdən və eyni gündə müxtəlif idxalçılar tərəfindən idxal olunan və eyni adda olan məhsullardan götürülən nümunələrin ekspertiza cavabları bir-birindən fərqlənir və ya bu qəbildən olan mallardan götürülən nümunələr idxalçılar arasında fərq qoyulmaqla ekspertiza edilir və ya müəyyən qisim məhsullardan heç bir halda nümunə götürülmür. Ekspertiza nümunələri götürülən bəzi mallar "mənfi", nümunələr götürülməyən bəzi mallar isə müsbət, keyfiyyətli olur?! Bununla belə, laborotoriya ekspertizasının aparılması üçün AQTA tərəfindən idxalçıdan məcburi şəkildə bu və ya digər özəl şirkətlərlə müqavilə bağlanması tələb olunur (məsələn, "xxxx" MMC). Bu laborotoriyalarda laborotoriya rüsumu həddindən artıq yüksəkdir. Dövlət laborotoriyalarında ekspertiza qiymətləri ucuz, qəbulediləndir. Götürülən məhsulların laborotoriya rüsumunun həddindən artıq olması idxalçıya əlavə maddi öhdəliklər yaradır. Malların ekspertiza nəticələri həmin özəl şirkətlərdən götürə bilmir, müraciət etdikdə bildirilir ki, AQTA özü sizə nəticələrlə bağlı məlumat verəcəkdir. İdxal etdikləri kənd təsərrüfatı mallarını, meyvə və tərəvəz məhsullarını üç gündən artıq saxlaya bilmirlər. Məhsullar tələf olur, xarab olur, keyfiyyətini itirir ki, bu da idxalçıya əlavə maddi ziyan vurur. Ümumiyyətlə, AQTA və ona bağlı özəl laborotoriyalar tərəfindən yaradılan süni maneələr, tərtib olunan protokollar əsasında tətbiq olunan sanksiya və cərimələr vergi ödəyicisinə maddi ziyan vurur, sahibkarlıq fəaliyyətindən gəlir, mənfəət götürmək əvəzinə borca düşürlər. O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan məhsullar 2023-cü ilin yanvar və fevral aylarında ölkəyə idxal olunmuş, məhsullar gömrükdə olarkən AQTA-nın nümayəndələri tərəfindən müvafiq nümunələr götürülmüş və həmin vaxt AQTA tərəfindən şirkətin sisteminə qaimə vurulmuş və labarotoriya xərcləri ödənilmişdir. Lakin buna baxmayaraq onlara məlum olmayan səbəbdən labarotoriya cavabları, müsbət və ya mənfi daxil olmamış, 05 gün ərzində məlumat verilməli olduğu halda heç bir məlumat verilməmiş, bundan uzun müddət keçdikdən sonra, yəni aprel-may aylarında bildiriş gəlmişdir ki, məsullar yarasızdır. Şirkət tərəfindən AQTA-ya bildirilmişdir ki, qeyd olunan ərzaq məhsulları tez xarab olan mallara aid olduğu üçün yarısı satılıb yarısı isə yarasız olduğundan baxış keçirilməsi üçün saxlanılmışdır. Lakin AQTA tərəfindən onların müraciətinə cavab verilməmiş, yarasız məhsullara baxış keçrilməmişdir. Ona görə də məcbur olaraq sonradan yarasız məhsullar “Meyvəli” ticarət mərkəzində zibil maşınlarına yüklənərək zibil paliqonuna aparılaraq tullanmışdır. AQTA tərəfindən 2023-cü ilin yanvar ayında idxal olunmuş məhsulların ekspertiza cavabının 2023-cü ilin may ayında mənfi cavab çıxarması qəbuledilməzdir, daha doğrusu, başa düşülmür. Bununla bağlı dəfələrlə AQTA-ya şifahi və yazılı şəkildə şikayətlər ünvanlasalar da, AQTA heç bir şikayətə obyektiv yanaşma göstərməmiş, düzgün şəkildə baxmamış, əksinə olaraq, malların idxal olunmasına qadağa qoyan qeyriqanuni şəkildə məsələlər ortaya qoymuşdur. AQTA tərəfindən ekspertiza nəticəsi mənfi çıxan məhsulların idxalını qadağan etmək, bu barədə həmin ölkəyə bildirmək və həmin malların ölkəyə gətirilməsini qadağan etmək daha doğru və məqsədəuyğun olmazdımı? O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan məhsullarla bağlı AQTAnın nümayəndələri tərəfindən anbara hər hansı bir baxış keçirilməmiş və bununla bağlı hər hansı bir akt da tərtib edilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AQTA-nın Bakı Regional Bölməsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə AQTA-nın Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsi tərəfindən inzibati xətanın mövcud olmasını özündə əks etdirən sübutlar məhkəməyə təqdim edilmədiyindən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AQTA-nın Bakı Regional Bölməsinin 31 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda ərzalıq kartof, bibər, kivi, xiyar məhsullarının 11 may 2023-cü il tarixdə satıldığı qeyd olunsa da bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-1182/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin İXM-nin 447.0.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair eyni iş üzrə inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinə geri qaytarılmışdır. Lakin bundan sonra X2 Bakı Regional Bölməsi tərəfindən heç bir araşdırma aparılmadan eyni protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, satılması ehtimal olunan qida məsullarının ölkəyə idxalı 2023-cü ilin yanvar-fevral aylarına təsadüf etsə də bununla bağlı müvafiq bildiriş AQTA-nın Bakı Regional Bölməsi tərəfindən 04 may 2023-cü il tarixdə Şəxs MMC-yə müraciət ünvanlanmışdır. Belə ki, “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının Qanunun 19.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən yeddi iş günündən gec olmayaraq icazəni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. AQTA-nın Bakı Regional Bölməsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməməklə qarşı tərəfin etirazının əsası kimi istinad etdiyi halların təkzib edilməsinə dair hər hansı sübut və dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar