Məhkəmə qərarları › İş №3(002)-1672/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1672/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1672/2025 27.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, X4 nümayəndəsi – “Ekol” vəkil Bürosunun vəkili Şükürov Tural İsfəndiyar oğlunun iştirakları ilə X4 Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarınaa xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 09:50:33-də M-2 yolunun 47.9 kilometrliyində, Bakı şəhəri, Qaradağ Rayonu, Sənqəçal qəsəbəsi, Ələt istiqamətində “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Daxili İşlər Nazirliyinin Baş X12 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi təqsirli bilinib 1200 manat cərimə edilməsi barədə xx.xx.2025-li il tarixli EQ 29172257 nömrəli qərar tərtib edilmişdir. Radar cihazının texniki kalibrlənməsi və düzgün işləməsi barədə sübut təqdim edilməmişdir. Qərarın əsaslandığı foto/video materiallar qeyri-dəqiqdir və obyektiviik təmin olunmayıb. Yük yüklənən ərazidə elektron tərəzi ilə ölçülmüş və normaya uyğun olduğu təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2.4-cü maddəsinə əsasən, təqsirsizlik prezumpsiyası pozulmuşdur. Mübahisəyə səbəb olan inzibati tənbeh qərarlarının surəti ona xx.xx.2025-ci il tarixində rəsmi qaydada təqdim olunmuşdur. Qərarın sol üst küncündə göstərilən çap tarixi də bunu təsdiq edir. Həmin qərarlardan narazı qaldığı üçün, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla belə, məhkəmə, 3(002)-1502/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayətini geri qaytarmışdır. Məhkəmənin bu qərarına səbəb, şikayətdə düzəlişlərə ehtiyac olması idi. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən, 29172257 nömrəli inzibati qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, X8 şikayətinə əlavə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən onun haqqında qəbul edilmiş 29172257 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan xətanı törətməmişdir. Yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin oxa düşən kütlə parametrlərinə dair tələbləri pozaraq nəqliyyat vasitəsini idarə etməmişdir. Həmin gün dayısı X6 ilə birlikdə Sahil qəsəbəsində yerləşən daş karxanasına getmişdir. Orada "Vulkan" adlanan ərazidən “KAMAZ” markalı “**-LU-***” dövlət qeydiyyat nişanlı avtomobilinə daş tozu (otval) yükləmişdir. Yükləmə işləri ekskavator və ya kon vasitəsilə həyata keçirilmişdir. O, yükləmə bitdikdən sonra qoşqunun üstünü çadırla örtmüşdür. Yükləmə prosesi tamamlandıqdan sonra yük avtomobilini dayısı X6 idarə edərək yükü Ələt qəsəbəsinə aparmışdır. Bütün yol boyu avtomobili dayısı X6 idarə etmişdir. Lakin naməlum səbəbdən onu inzibati məsuliyyətə cəlb edirlər. Göstərilənləri nəzərə alaraq haqqında qəbul edilmiş inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Bundan başqa, qərarı qəbul edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdulzadənin məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:50:33-də M-2 yolunun 47.9 kilometrliyində, Bakı şəhəri, Qaradağ Rayonu, Sənqəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi elektron tərəzidən keçərkən Daxili İşlər Nazirliyinin Baş X12 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə elektron qərar tərtib edilərək 1200 manat cərimə edilmişdir. Həmin qərar əsassızdır, ləğv edilməlidir. Nəqliyyat vasitəsi yük yüklənən ərazidə elektron tərəzi ilə ölçülmüş, çəkisi həmişə 40 tondan aşağı olmuşdur. Nəqliyyat vasitəsi M-2 yolunun 47.9 kilometrliyində, Bakı şəhəri, Qaradağ Rayonu, Sənqəçal qəsəbəsi, Ələt istiqamətində quraşdırılan elektron tərəzidən keçərkən həmin tərəzidə avtomobilin çəkisinin 40 tondan yuxarı olduğu göstərilmişdir. Bundan başqa, həmin vaxt “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun özü deyil, dayısı X6 idarə etmişdir. Nəqliyyat vasitəsi onun atası Vahid Nağıyevin mülkiyyətindədir, etibarnamə isə onun adınadır. X1 isə həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilməmişdir. Dayısı “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən o, həmişə dayısının yanında olmuşdur. Buna görə də, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi – “Ekol” Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, inzibati tənbeh qərarı tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abdullazadənin məhkəmə iclasında iştirak etməsini istəmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə saat 14:42-də “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs X8 olmamışdır, Rusif Nağıyevin dayısı X6 olmuşdur. Məhkəmədən X3 məhkəmə iclasına şahid kimi dəvət edilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarında xx.xx.2025-ci il tarixdə saat 09:50:33-də “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini M-2 yolunun 47.9 kilometrliyində, Bakı şəhəri, Qaradağ Rayonu, Sənqəçal qəsəbəsi, Ələt istiqamətində AYNA-ya məxsus tərəzidən keçərkən həmin nəqliyyat vasitəsinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərini pozduğu göstərilmişdir. Lakin həmin vaxt əslində nəqliyyat vasitəsinin çəkisi 40 tondan aşağı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 09:50:33-də “KAMAZ YÜK” markalı, “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X6 idarə etdiyindən Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X8 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KAMAZ 5410 YÜK” markalı “**-LU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən çəki və yük həddinin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələrinin barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yarımqoşqulu və üçoxlu dartıcı üçoxlu yarımqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X8 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən həmin qərar dəyişdirilmədən, R.V.Nağıyevin şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29172257 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı dəyişdirilmədən, X4 şikayəti isə təmin edilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar