Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1675/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28980692 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28980692 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində DİN BDYPİ tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən protokol tərtib edilmiş, EQ28423934 nömrəli qərarla 1200 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Həmin qərardan bu şikayətlə razı olmadığını bildirir və qanuni əsaslarla onun ləğv edilməsini xahiş edir. O, 02 iyul 2025-ci il tarixində Bakı şəhərinə doğru ** LU *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yola çıxmışdır. Daşınan yük dəqiq şəkildə 40000 kq olub vǝ çəkidən öncədən keçirilərək sənədləşdirilib. O, hərəkət marşrutu üzrə Biləsuvar-Salyan yolundan istifadə etmiş, Ələt-Astara magistralının 194-cü km-də yerləşən AYNA-ya məxsus elektron tǝrǝzidən keçmiş və orada heç bir normativ pozuntu qeydə alınmamışdır. Buna baxmayaraq, daha sonra keçdiyi digər elektron tərəzidə ona qarşı cərimə tətbiq olunmuş və guya 42.860 kq-dan artıq yüklə hərəkət etdiyi iddia edilmişdir. Halbuki rəsmi tǝrǝzi qəbzləri ilə daşıdığı yükün 40000 kq olduğu sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi nəqliyyat vasitəsinin yük normasından artıq yüklənməsi hallarına şamil olunur. Lakin onun daşıdığı yük normaya uyğun olub (40000 kq). AYNA-nın dövlət tərəzisindən pozuntusuz keçmişdir. Elektron tǝrǝzilər arasında uyğunsuzluq varsa, bu onun məsuliyyəti deyil, ölçü sisteminin texniki etibarlılığına aiddir. Bu baxımdan İXM-nin 10.1-ci maddəsinə əsasən, "Şəxsin təqsiri müəyyən edilmədən ona qarşı inzibati tənbeh tətbiq edilə bilməz." Onun təqsiri sübut edilmədən cərimə tətbiq olunmuşdur. İXM-nin 74-cü maddəsinə əsasən, inzibati iş üzrə sübutlar yalnız qanuni yolla əldə edilmiş və obyektiv məlumatlar hesab oluna bilər. Təqdim etdiyi tərəzi qəbzləri ilə dövlət qurumlarının verdiyi qeyri-dəqiq ölçü ziddiyyət təşkil edir. Ədalətli qərar vermək üçün real çəkiyə dair sənədli sübutlar əsas götürülməlidir. Konstitusiyanın 71-ci maddəsinə və X1 9.2-ci maddəsinə əsasən qanunda şübhəli va ya qeyri-dəqiq hallar olduqda onlar vətəndaşın lehinə şərh olunmalıdır. Bu halda, fərqli elektron tərəzilərdən mūxtəlif nəticələrin çıxması halında təqdim etdiyi qəbzdə olan ölçü - 40000 kq həqiqi sübut hesab edilməlidir. Barəsində verilmiş cərimə qərarına dair Daxili İşlər Nazirliyinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) yazılı formada müraciət etmişdir. Bu fakt da onu göstərir ki, məsələ texniki və inzibati araşdırma tələb edir, cərimə tətbiqi isə tələsik və əsassız olmuşdur. Yuxarıda göstərilən əsaslara və sübutlara istinad edərək, xx.xx.2025-ci il tarixində DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ28423934 nõmrəli inzibati xətaya dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ 28980692 nömrəli qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KAMAZ 5410” YÜK markalı, ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş çəki qəbzindən aydın olur ki, X3 tərəfindən daşınan yük ölçdürülmüş və nəqliyyat vasitəsinin yüklə birgə oxa düşən kütləsi xx.xx.2025-ci il tarix, saat 08:05-də 42860 kq olmuşdur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə olunmuş çəki qəbzlərində tərəzinin seriya və nömrəsi qeyd olunmadığından, təqdim olunmuş şəhadətnamənin həqiqətəndə yükün çəkildiyi tərəziyə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Şikayət ərizəsinə əlavə olunmuş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 08:05-də “KAMAZ 5410” YÜK markalı, ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42860 kq-dır. Lakin məhkəmə hesab edir ki, inzibati xətanın müəyyən edildiyi tarix və yükün yenidən ölçülməsi arasında saat və çəki fərqi mövcuddur və bu hal həmin zaman kəsiyində yükün həcminin dəyişdirilməklə yenidən ölçülməsi məsələsini şübhə altına qoyur. X3 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KAMAZ 5410” yük markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yarımqoşqulu və üçoxlu dartıcı üçoxlu yarımqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28980692 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X3 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28980692 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1675/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1675/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver