Məhkəmə qərarları › İş №3(002)-1699/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1699/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1699/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə 12000 Avro məbləğində vəsait köçürülmüşdür. **********0880 sorğu nömrəli 27 sentyabr 2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən dəyəri 12000 Avro olmaqla ödənilmiş “Mercedes Benz” markalı, ban №WDF440321B974035 olan nəqliyyat vasitəsi ölkəyə idxal edilmişdir. Həmin nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli köçürmə qəbzi mövcuddur. Mərkəzi Bank qərar qəbul edərkən yalnışlığa yol vermiş və inzibati xəta olmadığı halda inzibati tənbeh vermə barədə qərar qəbul etmişdir. İnzibati qərarı əsassız hesab edir və qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 430.4-cü maddəsi ilə 12000 Avro məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və X2 barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X2 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X2 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X2 tərəfindən pulun köçürülməsinə əsas olan müqavilə üzrə ümumilikdə 12000 Avro dəyərində mallar **********0880 saylı gömrük bəyənnaməsi əsasında qanunla nəzərdə tutulmuş müddətdə ölkəyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar