Məhkəmə qərarları › İş №3(002)-1700/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1700/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1700/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X1» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X1» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə inzibati material daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 3(004)- 4155/2023 saylı qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərardad onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin hüquqi ünvanının harada olmasından asılı olmayaraq bu cür inzibati xətanın törədildiyi yer işçinin işlərin yerinə yetirilməsinə cəlb edildiyi ərazi üzrə törədilmiş olur. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, «X1» MMC, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçini işlərin görülməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi «X1» MMC üzərinə düşən müvafiq öhdəliyi qanunla müəyyən edilmiş qaydada icra etməmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin görülməsinə harada cəlb edilməsindən asılı olmayaraq əmək müqaviləsinin rəsmiləşdirilməsi hüquqi şəxsin ünvanında həyata keçirilməli idi. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanının yerləşdiyi yerdə baş verdiyindən həmin inzibati material aidiyyəti üzrə Yasamal rayon məhkəməsində baxılmalı olduğundan aidiyyət məsələsinin həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X1» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar