Məhkəmə qərarları › İş №3(002)-171/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-171/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-171/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs övladları ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 10:00-dək ananın iştirakı olmadan gecə qalmaq şərti ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsinə dair Qaradağ rayon məhkəməsinin 2(002)-12/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Şəxs uşaqlarla ünsiyyətdə olsa da, sonradan uşaqları qaytarmamışdır. Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaqların analarının yanına getmələrinə heç bir maneə törətmir. Sadəcə uşaqlar analarının yanına getmək istəmirlər. Atalıqları onların məktəbə getmələrinə qoymur və onlara təzyiq göstərir. Uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Məhkəmə iclasında tələbkar X4 bildirmişdir ki, Şəxs uşaqları aparmış və geri qaytarmamışdır. Barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-12/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra sənədində uşağın ananın yanına qaytarılmasına dair hər hansı bir hal qeyd edilməmişdir. Bu səbəbdən də qeyd edilən icra sənədi üzrə Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar