Məhkəmə qərarları › İş №3(002)-1716/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1716/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1716/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi polis leytenantı X1, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil Elbruz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakında şübhəli bilinərək narkoloji müayinədən keçmiş və narkotik vasitə istifadəçisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı X2 bildirmişdir ki, Şəxs narkotik vasitələrin, psixotrop maddələrin istehlakında şübhələnildiyindən 14 avqust 2025-ci il tarixdə saat 13:35-də tutulmuş, “Respublika Narkoloji Mərkəzi” X3 müayinədən keçirilmiş, müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə Sədərək Ticarət Mərkəzində “Bir bank”a aid mağazada iş təcrübəsi keçdiyi müddətdə üç mülki geyimli polis əməkdaşı ona heç bir xəbərdarlıq etmədən, vəsiqə təqdim etmədən zorla Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. Onlar onu təhqir edərək zor ilə mobil telefonunun şifrəsini açmağı tələb etmişlər. O, əvvəlcə buna razı olmasa da, məcburiyyət nəticəsində mobil telefonunun şifrəsini avtomobildə açmışdır. 10-cu PŞ-də 24 saatdan çox qalmasına baxmayaraq ona heç kim bunun səbəbi barədə məlumat verməmişdir. 15 avqust 2025-ci il tarixdə 10-cu PŞ-nin rəisi Rəfael Tağıyev onu 2-ci dəfə qəbul etdikdən sonra ondan narkotika istifadə edib-etmədiyini soruşanda o, qətiyyən narkotikadan istifadə etmədiyini, hətta siqaret belə çəkmədiyini bildirərək öz istəyi ilə narkotestə getməyi xahiş etmişdir. Rafael Tağıyev ona səhər yeməyi aldığını və mütləq qaydada səhər yeməyini yedikdən sonra narkotestə getməli olduğunu bildirmişdir. İki gün ərzində əlləri qandallı olmuş, dəfələrlə xahiş etməsinə baxmayaraq heç bir səbəb olmadan qandalı açmamışlar. Polis əməkdaşı onu otağına çağıraraq səhər yeməyi üçün çay ilə paxlava vermişdir. O, axşamdan etibarən vəziyyətinin pis olduğunu desə də, polis əməkdaşı zorla ona paxlavanı əli ilə qaşıqda yedirtmiş və çayı da əli ilə içirtmişdir. O, vəziyyətinin daha pisləşdiyini desə də polis əməkdaşı israrla ona paxlava yedirmişdir. O, həmin vaxt öyüyüb qusmağa başlamışdır. Polis əməkdaşı ona udmasını, yerə, otağa qusmamasını demişdir. 14 avqust 2025-ci il tarixdə axşam saatlarında ailəsinin gətirdiyi şirəni və kətəni ona yeməyə qoymamışlar. Fərid adlı şəxs ağzı açıq şəkildə suyu götürərək, ona əlinin qandallı olduğunu deyərək bir neçə dəfə şirə içirtmişdir. Səhərə kimi yata bilməmişdir. 10-cu PŞ-nin həyətində dəfələrlə səbəbsiz yerə qusmuşdur. 15 avqust 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində həkim ona sidiyində hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyini desə də, həmin mərkəzdən çıxandan sonra onun barəsində tərtib edilmiş rəydə sidiyində psixotrop maddə olan metamfetaminin aşkar edildiyi qeyd edilmişdir. O, qətiyyən ömrü boyu nə siqaret çəkmiş, nə də narkotik vasitələrin hər hansı növündən istifadə etmişdir. 14 avqust 2025-ci il tarixdə saat 11 radələrində tutulmuşdur. Barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini istəyir. Müdafiəçi Vəkil Elbruz oğlu bildirmişdir ki, müdafiə etdiyi Şəxs hər hansı narkotik vasitə, psixotrop maddə istifadə etdiyi təsdiq edilmir. Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verilən paxlavaya psixotrop maddə qata bilərdilər. Həmçinin Respublika Narkoloji Mərkəzində tərtib edilən rəydə Şəxs psixotrop maddə olan metamfetaminin aşkar edildiyi göstərilmişdir. Lakin Şəxs psixotrop maddə qəbul etməsi ilə razı deyildir. Şəxs 14 avqust 2025-ci il tarixdə saat 11 radələrində tutulmuşdur. Buna görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 14 avqust 2025-ci il tarixdə saat 13:35-də tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 2924 nömrəli aktdan görünür ki, Şəxs sidiyində “MET (+) müsbət” (metamfetamin) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 4977 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halı olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri əşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Şəxs hər hansı narkotik vasitə və psixotrop maddə istifadə etdiyini qeyd etməsi onun özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 2924 nömrəli aktından və həmin mərkəzin xx.xx.2025-ci il tarixli, 4977 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən də göründüyü kimi Şəxs sidiyində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bu da ki, Şəxs psixotrop maddə olan metamfetamin istifadə etdiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 14 avqust 2025-ci il tarixdən, saat 13:35-dən hesablansın. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar