Məhkəmə qərarları › İş №3(002)-1726/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1726/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1726/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Zobcu kəndində qedyiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 17:30-da Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 5, mənzil 60 ünvanında və həmin tarixdə saat 18:00-də Bakı şəhəri Qaradağ Rayonu Sahil qəsəbəsində yerləşən Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-də sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi, polis mayoru X3 protokola uyğun çıxış edib izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:32 radələrində Bakı şəhəri Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 5, mənzil 60-da yaşayan Məmmədova Aytəkin Zöhrab qızı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmin tarixdə qardaşının döyülməsi barədə məlumat vermişdir. Bundan sonra daxil olmuş məlumat əsasında Qaradağ RPİ-nin 3-ci polis bölməsinin təhqiqatçısı Elşad Mirzəyev tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin şəxslər Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 4, mənzil 74-də yaşayan xx.xx.1991-ci ildə Laçın rayonunda anadan olmuş X2 və Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 5, mənzil 60-da yaşayan xx.xx.1988-ci ildə Füzuli rayonunda anadan olmuş Şəxsdur. Əməkdaşlar göstərilən ünvana gedərək Şəmil adlı şəxsə izahat verməyi təklif etmişlər, lakin sonuncu polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməyə başlamış, əməkdaşlar Şəmil adlı şəxsi nizam-intizama dəvət etsələr də, sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmiş və bunun nəticəsi olaraq o, əməkdaşlar tərəfindən Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək bölmənin növbətçi hissəsinə təhvil verilmişdir. Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini 30 dəqiqə pozmuş və müvvəqəti saxlama otağının giriş qapısını sındırmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq o öz hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmçinin Şəxs onu sərxoşluq müayinəsindən keçirmək üçün PB-nin AZ **-PG-*** dövlət nömrə nişanlı avtomaşını ilə müayinəyə aparan zaman avtomaşında öz hərəkətlərini davam etdirmişdir. Müayinə zamanı Şamil Məmmədovun orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 5, mənzil 60 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə günorta vaxtı Ümid qəsəbəsində yerləşən kafelərin birində tanışı Azər Səlimzadə ilə nahar edib bir qədər spirtli içki qəbul etmişlər və Azərlə o hər ikisi içkili olduğundan aralarında sözlə mübahisə yaranmış, mübahisə zəmnində sonuncu onu yumuruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Sonra o oranı tərk edərək yaşadığı evinə getmiş və evdə olarkən bacısı Aytəkin onun xəsarət aldığını görüb DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin gün təxminən saat 17:30 pois əməkdaşları onun yaşadığı evə gələrək özlərini təqdim edib hadisənin təfərrüatını ondan soruşmuşlar, o da həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməyə başlamış və bundan sonra Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Sonra o, polis bölməsində olarkən MSYnin qapısını sındırmışdır. Polis əməkdaşları onu intizama dəvət etsələr də, sərxoş olduğundan polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və həmin polis əməkdaşlarından üzür istəyir. Göstərilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli, AZA № 009703 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Ş.Ə.Məmmədov azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 21:50-dən məhdudlaşdırılmış, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:05-də azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 2/10073 saylı, xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.6 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətanın hərbi vəziyyət dövründə və sərxoş halda olan şəxs tərəfindən törədilməsi İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyeti ağırlaşdıran hal kimi inzibati xətanı hərbi vəziyyət dövründə və sərxoş vəziyyətdə törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, onun tutulma altında saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti həbs növündə tənbeh tədbiri saxlanılmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxx 2020-ci il, saat 12:15-dən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətinə həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar