Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-173/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Aqrovest deyilən yerdə polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:00- 13:00 radələrində Səbail rayonu, 20-ci Sahə adlanan yerdə Xəngəl kafesində oturmuş, Paşa ilə birlikdə spirtli içki qəbul etmiş, Firad isə spirtli içki içməmişdir. Daha sonra o, Lökbatan dairəsində bir tanışının yanına gəlmək və daha sonra Gəncə şəhərinə yola düşmək üçün onlardan ayrılmışdır. 20-ci Sahə dairəsi adlanan yerdə Prius markalı avtomobili görüb əl edib saxlatdırmış və Lökbatan dairəsinə getmək istədiyini bildirmişdir. Adının sonradan Təbriz olduğunu öyrəndiyi taksi sürücüsü ilə beş manata razılaşmış və avtomobilə əyləşmişdir. Yolda olarkən Təbrizin avtomobili idarə etməyindən sərxoş olduğunu anlamış və buna görə aralarında sözlə mübahisə yaranmışdır. Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gedən yolda Mercedes-Benz markalı avtomobillə toqquşmuş, o, nə baş verdiyini anlamamışdır. Taksi sürücüsü Təbriz dayanmadan avtomobili sürmüş, Aqrovest adlanan yerin yaxınlığında avtomobil yol-nəqliyyat hadisəsindən sonra nasaz olduğu üçün təkəri yararsız vəziyyətə düşmüş sürücü avtomobili saxlamışdır. O, Paşa ilə Firada telefonla məlumat vermiş və yanına gəlmələrini istəmişdir. İki nəfər şəxs yaxınlaşmış və niyə avtomobili vurub qaçdığını soruşmuşdur. Orada yenə mübahisə yaranmış, daha sonra polis əməkdaşları yaxınlaşmışlar. Bu zaman o, uzaqlaşmaq istədikdə polis əməkdaşları ona yaxınlaşıb xidməti avtomobilə əyləşdirmişlər. O, və Təbriz polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:10-da polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis-kapitanı Nicat İslamlıya ünvanlanmış 31 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:20 radələrində "102" xidmətinin verdiyi məlumatla, Lökbatan dairəsindən qəsəbə istiqamətində hərəkətdə olan Prius markalı avtomobilin həmin istiqamətdə hərəkətdə olan Mercedes-Benz markalı avtomobili yoldan qəsdən kənarlaşdıraraq qəza etməsinə səbəb olduğunu və hadisə yerindən qaçmağa cəhd göstərdiyini lakin vətəndaşlar tərəfindən saxlanıldığı məlumatı alınmışdır. Hadisə yerinə yaxınlaşarkən təqsirkar Prius markalı avtomobilin sürücüsünün ilk baxışdan spirtli içkinin təsiri altında olduğu aşkar olunmuşdur. Həmin vaxt maşında olan sərnişində içkili halda maşından düşərək hadisə yerinə gəlmiş polis əməkdaşlarına tabesizlik və müqavimət göstərməyə başlamışlar, daha sonra hadisə törətmiş vətəndaşların yaxınları kimi özünü təqdim edən daha 2 nəfər şəxs hadisə yerinə yaxınlaşıb polis əməkdaşlarının işinə müdaxilə etməyə başlamışlar. Polis əməkdaşları sürücünü və sərnişini xidməti avtopatrula əyləşdirmək istədikdə isə onlar tabesizlik etmiş və müqavimət göstərmişlər. Onları polis bölməsinə gətirən zaman maşında olan Şəxs qaçmağa cəhd göstərmiş, dərhal onu yaxalayıb bölməyə gətirmişlər. Lakin vətəndaş spirtli içkinin təsiri altında olduğu üçün orada olan polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, özünə xəsarət yetirmişdir. Həmin şəxsləri nizam-intizama dəvət etsələrdə polisin qanuni tələblərinə məhəl qoymamışlar. Bölmədə Prius markalı maşının sürücüsünün X2, yanındakı sərnişinin isə Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan “X5 haqqında“ protokoldan görünür ki, Şəxs 31 yanvar 2023cü il tarixdə saat 14:10-da inzibati qaydada tutulmuş, 31 yanvar 2023-cü il tarixdə saat 14:20-da azad edilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, 2/2992 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin digər məhkəmə və icra işləri barədə məlumatlar bölməsindən görünür ki, Şəxs barəsində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 510 və 535.1-ci maddələri, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 31 yanvar 2023-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-173/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-173/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver