Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1736/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq söyüşlər işlətmişdir. Bu səbəbdən də Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru T.Ə.Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 26 noyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin sahə inspektoru Zahir Qiyasovla birlikdə pasport rejimi ilə əlaqədar yoxlama apararkən Şəxs onların fəaliyyətinə mane olmuşdur. Onu intizama dəvət etsələr də, o, öz hərəkətlərinə davam etmiş, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 26 noyabr 2022-ci il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşlarının qonşularının qapısını döydüyünü eşitmiş və balkona çıxmışdır. Daha sonra zibil atmaq üçün həyətə düşmüşdür. Həyətdə olarkən mülki geyimdə olan polis işçiləri ona yaxınlaşarkən o telefonla danışmış, polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə onlarla kobudluğa yol vermiş, ünvansız küçə söyüşü söymüşdür. Bu zaman polis əməkdaşları onun əlində olan telefonu almışlar və aralarında mübahisə daha da böyümüşdür. Hazırda əməlindən səmimi peşmandır və bir daha analoji əməllərə yol verməyəcəyinə dair söz verir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 28 noyabr 2022-ci il tarixdə təqribən saat 18:00 radələrində saxlanılmış, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, ailə üzvləri və yaxın dostları ilə görüşməsi təmin edilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru X4 izahatında göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində xidməti ərazidə pasport rejimi ilə əlaqədar olaraq reyd aparılarkən vətəndaş Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. O, intizama dəvət olunsada buna məhəl qoymamış və öz hərəkətlərini davam etdirərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bundan sonra saxlanılaraq 11-ci polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin polis nəfəri X3 digər şahid X2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 noyabr 2022-ci il tarixli raportdan görünür ki, 26 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində xidməti ərazidə pasport rejimi ilə əlaqədar olaraq, bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Rəşad Möhübbətzadə sahə inspektoru polis mayoru Təhmasib Əhmədovla birlikdə Qobustan qəsəbəsi, Salyan yolu, ev 32 A saylı binada pasport rejim qaydaları yoxlanılan zaman, həmin binanın 57 saylı mənzilində yaşayan bir nəfər şəxs qapıdan çıxaraq polisin qanuni işinə müdaxilə etmişdir. Onu intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlətmiş və müqavimət göstərmişdir. Həmin şəxs 11-ci PB-yə dəvət olunmuş, məlum olmuşdur ki, o, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan Şəxsdur. Odur ki, vətəndaş Şəxs polisin qanuni tələblərinə qəsdən tabesizlik etdiyi üçün barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Belə ki, iş materiallarında olan 28 noyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində polis əməkdaşlarını söyüb təhqir etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində ünvan 3 ünvanında qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən də, Şəxs Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, ailə üzvləri və yaxın dostları ilə görüşməsi təmin edilmişdir. Məhkəmə yuxarıdakıları nəzərə alaraq, hesab edir ki, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin Şəxs öz ifadəsi ilə də onun polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin tutulduğu vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 26 noyabr 2022-ci il tarixdən saat 18:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1736/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1736/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver