Məhkəmə qərarları › İş №3(002)-1777/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1777/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1777/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1976-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olmaqla deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən ünvansız fərdi evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 26 avqust 2025-ci il tarixdə, saat 16:30 radələrində ünvan 2 ünvanında ictimai yerdə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 26 avqust 2025-ci il tarixdə, saat 16:30 radələrində ünvan 2ndə yerləşən «Lökbatan bazar” adlanan ərazidə ÇPA-nın əməkdaşları iki nəfər şəxsin sərxoş vəziyyətdə yüksək səslə danışaraq nalayiq ifadələr işlətdiyini görmüşdürlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxs bundan əvvəldə analoji hadisələr törətmiş və barəsində tədbir görülsə də bundan nəticə çıxarmamışdır. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, 26 avqust 2025-ci il tarixdə, Lökbatan qəsəbəsi, 28 may küçəsidə yerləşən, Lökbatan bazarının içində kafedə, dostu Elşənlə birgə əyləşərək spirtli içki qəbul etmişdirlər. Daha sonra evə getmək üçün yola çıxmışlar öz aralarında biraz söhbət etmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları maşına əyləşdirərək polis şöbəsinə aparmışlar. O öz izahatında əlavə olaraq bildirmişdir ki, evin kirayə pulunu ödəyə bilmədiyi üçün gündüzlər “Sədərək” bazarında araba sürərək, gecələr isə fəhlə bazarında işləyərək günəmuzd fəhlə olaraq çalışır. Dostu Elşənlədə kafedə yeyib-içdikləri gündə özünün çox yorğun olduğunu, iki gündür ki yatmadığını, içkili olduğunu etiraf etdiyini, ola bilsin hansısa nalayiq ifadələr işlətdiyini, lakin tərətdiyi hadisənin yadında qalmadığını bildirmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sərxoş vəziyyətdə ictimai yerdə xırda xuliqanlıq edərək nalayiq ifadələr işlətmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 avqust 2025-ci il tarixli 3(002)-1638/2025 saylı qərarından aydın olur ki, X1 ictimai yerdə sərxoş vəziyyətdə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyinə görə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 33.1.2-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdırılan hal hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş 26 avqust 2025-ci il tarixli, 2/48262 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 26 avqust 2025-cü il tarixdə, saat 18:50-də tibbi müayinədən keçirilərkən onda “orta dərəcəli” alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 26 avqust 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntu ilə əlaqədar 26 avqust 2025-ci il tarixdə saat 19:00-da tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və il ərzində təkrar törətməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətinin 26 avqust 2025-ci il saat 19:00-dan hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar