Məhkəmə qərarları › İş №3(002)-178/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-178/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-178/2022 11.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ünvan 1 ünvanında qeydiyyatda olan X7 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən E.Quliyev adına “Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi”ndə tibb bacısı işləmiş X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün həmin məktəbin direktoru X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində tibb bacısı vəzifəsində çalışanların təhsil haqqında sənədlərinin yoxlanılması istiqamətində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, dörd nəfərin orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmiş, doqquz nəfərin təhsil haqqında sənədi isə orta ixtisas tibb təhsili müəssisələri tərəfindən verilməmişdir. Qeyd olunan şəxslərin siyahısında rəhbərlik etdiyi internat məktəbinin sabiq tibb bacısı X2 da adı göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.07.2021-ci il tarixli, 05- 09-548/13 nömrəli məktubunda Səhiyyə Nazirliyinin qərarına əsasən təhsil haqqında sənədləri təsdiq olunmayan şəxslərin tibb bacısı vəzifələrində fəaliyyət göstərmələri mümkün hesab edilmədiyi bildirilmişdir. Bu səbəbdən də, yəni diplomu saxta olduğu üçün İradə Quliyeva ilə aralarında olan əmək müqaviləsinə 12.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Daha sonra İradə Quliyeva X6 Bakı şəhər İdarəsinə şikayət etmişdir. X6 Bakı şəhər İdarəsində araşdırma zamanı heç bir əsas göstərmədən ona bildirmişlər ki, guya ki, o, əmək müqaviləsinə düzgün xitam verməmişdir. Nədə səhv etdiyini soruşduqda isə izah verməkdən çəkinərək ona bildirmişlər ki, narazılığınız olarsa məhkəməyə müraciət edərsiniz. Bildirmişdir ki, o sabiq işçiləri olan İradə Quliyeva ilə aralarında olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə tam uyğun qaydada xitam vermişdir. Xitam əmrində belə əsas kimi işçinin diplomunun saxta olduğunu göstərmişdir. Hansı ki, həmin diplomun saxtalığını o özü yox Nazirlik müəyyən etmişdir. Eyni zamanda bildirmişdir ki, həmin xitam müqaviləsinin üzərindən 5 (beş) aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bu xəta isə konkret xətadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin təsiri altına düşür və artıq müddət keçmiş olur. 04 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, “Uzanan hüquq pozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquq pozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X9 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: Yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması, Müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Müraciətdə göstərilmişdir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X9 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X9 Xidməti mülkiyyət və təşkilati-hüquqi' formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X9 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Qərarından da göründüyü kimi X9 Xidməti fərdi əmək mübahisələrinə baxa bilməz. Bütün bunları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 öz izahatında daha sonra bildirmişdir ki, X1 evləndiyi üçün İbrahimova soyadını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 öz izahatında bildirmişdir ki, X5 18 noyabr 2021-ci il tarixli elektron qaydada X9 Xidmətinə müraciət edərək bildirmişdir ki, onunla bağlı əmək müqaviləsinə düzgün xitam verilməyib. Bununla bağlı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X5 ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi göstərilmişdir. Əslində isə həmin bənd yox Əmək Məcəlləsinin 70-ci maddənin c bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) qeyd olunmalı idi. O, öz izahatında daha sonra 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarın hadisədən beş aydan artıq vaxt keçdikdən sonra qəbul edilməsini onlara müraciətin gec daxil olması ilə əlaqələndirərək bununla bağlı müddətin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O, öz izahatında daha sonra bildirmişdir ki, X1 evləndiyi üçün İbrahimova soyadını qəbul etmişdir. Buna görə də Təhsil Nazirliyinin məktubunda onun soyadı İbrahimova kimi qeyd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin və nümayəndənin izahatlarını dinləyərək hesab edir ki, X7 barəsində qəbul edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqdan sonra verildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Nazirliyinin tabeliyində olan İnternat məktəblərinin rəhbərlərinə” ünvanladığı 09 iyul 2021-ci il tarixli 05-09-548/13 saylı məktubundan və ona əlavə edilmiş siyahıdan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən E.Quliyev adına “Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi”ndə tibb bacısı işləmiş İbrahimova (Quliyeva) İradə İrzababa qızının orta tibb təhsili aldığı barədə arxiv materiallarında məlumat aşkar edilməmişdir. Buna görə də Səhiyyə Nazirliyinin Qərarına əsasən təhsil haqqında sənədləri təsdiq olunmayan şəxslərin tibb vəzifələrində fəaliyyət göstərmələri mümkün hesab edilməmiş, qeyd olunanların nəzərə alınaraq siyahıda adları çəkilən şəxslər barəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun tədbir görülməsi və onların ixtisas tələbləri gözlənilməklə müvafiq işlə təmin olunmasına köməklik göstərilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş 9 nömrəli Xüsusi İnternat Məktəbi üzrə 12 iyul 2021ci il tarixli 258 nömrəli əmrdən çıxarışdan aydın olur ki, məktəbin tibb bacısı X5 ilə əmək müqvailəsinə 12.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsi 2-ci hissəsinin “a” bəndinə əsasən (təhsil sənədi dövlət hüquqlu olmadığından) xitam verilmiş, son haqq-hesabın baş mühasib tərəfindən hesablanaraq ödənilməsi əmr edilmişdir. Əsas kimi Təhsil Nazirliyinin “Təhsil Nazirliyinin tabeliyində olan İnternat məktəblərinin rəhbərlərinə” ünvanladığı 09 iyul 2021-ci il tarixli 05-09-548/13 saylı məktub götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinin tələbindən aydın olur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi İbrahimva (Quliyeva) İradə İrzababa qızı ilə əmək müqavailəsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilməli olduğu halda düzgün olmayaraq Əmək Məcəlləsinin 68-ci maddəsi 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin direktoru X7 barəsində hadisədən beş ay on iki gün sonra inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta uzanan və ya davam edən inzibati xətalar kateqoriyasına aid olmadığından 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 38.1-ci maddəsinin tələbi pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinin tələbindən aydın olur ki, bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-in 38, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X7 barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqdan sonra verildiyindən ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar