Məhkəmə qərarları › İş №3(002)-1787/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1787/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1787/2025 29.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3-cü qrup əlil, orta təhsilli, “Dost iş Mərkəzində” fəhlə işləyən, Qubadlı rayonu, Tinli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Asfalt zavodun həyətində məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qubadlı rayon Məhkəməsinin 2(028)-215/2025 saylı, 08 avqust 2025-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-215/2025 saylı, 08 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs X1 xeyrinə 12 iyul 2024-cü il tarixdən başlayaraq 19 noyabr 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.587 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 11 avqust 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Alimentin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablandığından bu günə borclunun 3052 manat aliment borcu yaranmışdır. Araşdırma zamanı borclunun üçüncü qrup əlil olmaqla yüz səksən manat təqaüd alması və Dost iş Mərkəzində fəhlə işləməklə dörd yüz manat əmək haqqı alması müəyyən edilsədə yaranmış aliment borcu kifayət qədər çox olduğundan və borclu tərəfindən ödəniş edilmədiyindən onun barəsində protokol tərtib edilmişdir. Gələcəkdə borclu tərəfindən aliment borcu ödənilməyəcəyi təqdirdə yaranmış aliment borcu borclunun təqaüdünə və əmək haqqısına yönəldiləcəkdir. İcra məmuru öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X3 məlumat verilsə də tələbkar halhazırda Bərdə rayonunda yaşadığını, yanında azyaşlı uşağı olmaqla məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini və yaranmış borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Borclu onun çağırışlarından yayınmamış, onun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, üçüncü qrup əlil olmaqla Dost iş Mərkəzi tərəfindən işə qəbul olunmaqla Sahil qəsəbəsində süpürgəçi işləyir. Başqa hər hansı bir gəlirə və qazanca malik deyil. Hazırki uşağının dünyaya gəlməsi üçün müalicə xərcləri ilə əlaqədar borc almış sonradan o borcu ödəmək üçün “Kapital Bank”dan iki min doqquz yüz manat kredit götürmüş və hal-hazırda o krediti ödəyir. Gələcəkdə yaranmış aliment borcunun təqaüdünə və əmək haqqısına yönəldilməklə ödənilməsi mümkündür. Bundan başqa icra məmurunun çağırışından yayınmamışdır. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 11 avqust 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə icra hərəkətləri başlanılmışdır. Göründüyü kimi icraata başlamaq haqqında qərar qəbul edildiyi gündən cəmi 18 (on səkkiz) gün sonra borclu barəsində protokol yazılaraq məhkəməyə göndərilmişdir. Bundan başqa məhkəmədə müəyyən edildi ki, borclu rəsmi qaydada təqaüd və əmək haqqı almaqla sabit gəlirə malikdir. İcra məmuru tərəfindən aliment borcunun ödənilməsi həmin təqaüd və əmək haqqına yönəldilməklə ödənilməsi mümkündür. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar