Məhkəmə qərarları › İş №3(002)-1791/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1791/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1791/2020 10.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon Prokurorunun köməkçisi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə ərizə ilə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində «Şahqaya» adlanan daş karxanasında X10 tərəfindən ona məxsus «Toyota» markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsdən zədələyərək maddi ziyan vurduğunu göstərməsi, həmçinin X6 da xx xxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB- nə ərizə ilə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində «Şahqaya» adlanan daş karxanasında Şəxs tərəfindən traktor vasitəsi ilə ona məxsus şırım açan dəzgahı əzərək yararsız hala salındığını və nəticədə ona maddi ziyan dəydiyini bildirməsi faktları əsasında xx xxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X17 tərəfindən Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, X10 özgənin əmlakını qəsdən zədələmə məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin yaxınlığında yerləşən “Sahil” əhəng daşı yatağında vətəndaş Şəxs icarə müqaviləsi əsasında işlətdiyi daş karxanasının ərazisində olan bir mərtəbəli tikilinin qarşısında sonuncunun qonşu ərazidə onun əhəng daş istehsal etmək üçün istifadə etdiyi şırım açan texnikasını traktorla zədələməsi səbəbindən həmin daş karxanasında işləyən Şəxs oğlu X14 məxsus “Toyota Hilux” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələri, qapıları, güzgüsü, spoyleri, stoykası, buferi və damını əlində olan dəmir parçası ilə qəsdən vurmaqla zədələmiş, nəticədə zərərçəkmiş şəxs Rza Həsənova 6310,00 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. X6 əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, iş üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ilə birlikdə baxılması üçün Qaradağ rayon prokurorluğuna daxil olmuşdur. Həmin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, X6 «xxxxx» MMC-nin təsisçisi X7 icarəyə götürərək işlətdiyi daş karxanasında istifadə olunan şırım açan texnikanı Şəxs idarə etdiyi traktorla qəsdən vurub əzmiş, bunun nəticəsində texnikanın təmirinə 3000 manat xərc çəkilmişdir. Şəxs tərəfindən şırım açan texnikanın zədələnməsi faktı hadisə yerinə baxış keçirilməsi protokolu, şahid ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə tam təsdiqini tapmışdır. İstintaq sənədlərindən görünür ki, xx xxxx 2020-ci il tarixdə «Sahil» əhəngdaşı yatağında Şəxs tərəfindən idarə etdiyi «Kon» traktoru ilə əzilərək yararsız hala salınmış şırım açan (polosovka) texnika Müharib Əliyevə məxsusdur, Səməd Məhərrəmov isə həmin müddətdə iş icraçısı kimi texnikadan istifadə etmişdir. İstintaq materiallarından görünür ki, Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X17 tərəfindən qəbul olunmuş “sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərarda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv edilməsi və ya zədələməsi nəticəsində xeyli miqdarda, yəni beş min manatdan yuxarı miqdarda ziyan vurulduğu halda cinayət tərkibi yarandığı qeyd edilərək Şəxs xx xxxx 2020-ci il tarixdə X9 məxsus şırım açan texnikanın qəsdən zədələməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət təqibinin başlanması əsaslı olaraq rədd edilmiş, lakin, əsassız olaraq tərəflər arasında olan münasibətin mülki xarakter daşıdığından mülki qanunvericiliklə tənzimlənməli olduğu göstərilərək Müharib Əliyevə bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda həmin maddə ilə məsuliyyət yaranır. Ona görə də müstəntiq Əli Məsimov tərəfindən qəbul olunmuş “sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərarınm nəticə hissəsinin 7-ci bəndində “tərəflər arasında olan münasibət mülki xarakter daşıdığından mülki qanunvericiliklə tənzimlənsin, Müharib Əliyevə bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi hüququnun olması izah edilsin” hissəsi xx.xx.2020-ci il tarixli qərarla ləğv edilmişdir. Şəxs əməlində əmlakı qəsdən məhv etmə və ya zədələmə inzibati xətasının tərkib əlamətləri olduğundan həmin xüsusat üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və qərar Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 43, 54 və 99-cu maddələrini rəhbər tutub, xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, ailəli, daş karxanasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Prokurorunun köməkçisi X2 öz izahatında inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı müdafiə edərək Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak etmiş Şəxs barəsində olan inzibati qərarın əsassız olduğunu bildirərək öz izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə baxılır. Qaradağ rayon prokurorunun xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində AR İXM-nin 232-1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərar məhkəməyə göndərilmişdir. Hesab edir ki, barəsində əsassız yerə inzibati xətalar haqqında iş üzrə icraat başlanılmış və bu səbəbdən başlanılmış icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 53-cü maddəsində göstərilir ki, inzibati xəta hadisəsi (tərəfindən əsas götürülməklə) olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarda göstərilir ki, onun tərəfindən inzibati xəta hadisəsinin törədilməsi, hadisə yerinə baxış keçirilməsi protokolu, şahid ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə tam təsdiqini tapmış və vurulmuş zərərə görə 3000 manat xərc çəkilmişdir. İlkin olaraq qeyd etmişdir ki, X10 barəsində AR Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə aparılan istintaq hərəkətlərinə istinadən dəlillər və digər sübutlar gətirəcəkdir. Belə ki, istintaqı aparmış müstəntiq müəyyən etməyə çalışır ki, hər bir halda törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqəni müəyyən etsin və belə nəticəyə gəlir ki, tərəfindən şrımaçan texnikanın traktorla zədələməsi X6 da hər hansı yolla onun əmlakına ziyan vurmaq qərarına gəlməsidir. Bu tamamilə bir absurd yanaşmadır. Qeyd etmişdir ki, hadisə zamanı X10 öz ifadəsində də təsdiq etdiyi kimi daş karxanasının ərazisində olmamış, işçilərinin zəngi ilə ora gəlmiş və şrımaçanın dərəyə yuvarlandığını görmüş və əlinə dəmir parçası alaraq, heç kimin xəbəri olmadan oğlu Rza Həsənova məxsus avtomobilə zərər yetirmişdir. Halbuki, səbəbli əlaqə dedikdə, ilkin olaraq X10 onlardan birinə yaxınlaşaraq şırımaçan texnikanın tərəfindən zədələndiyini müəyyən etdikdən sonra ədavət aparması başa düşülən ola bilərdi. Əgər belə bir səbəbli əlaqə var idisə, ilkin istintaq zamanı niyə ona qarşı törətdiyi hadisəni inkar edir və daha sonra isə törətdiyi əməlin cinayət tərkibi yaratmadığını zənn etməyi ilə əməli qismən etiraf edir? Belə müstəntiqin səbəbli əlaqə müəyyən edilməsinə qalsa istəniiən təqsirsiz adamın üzərinə böhtan atmaqla şərləmək olar. Bundan başqa hadisə yerinə baxış keçirilməsi protokolunda müstəntiq və prokurorun nə müəyyən etdiyidə məlum deyil. Hadisə xx xxxx 2020-ci ildə baş vermiş və avqust ayının sonlarında hadisə yerinə baxış keçirən müstəntiq uzun müddət keçdiyinə görə nəyi müəyyən edə bilər ki? Hər halda inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən maddi sübut müəyyən edilməmişdir. Görünən odur ki, bu halda öz təsdiqini tapmır.Bundan başqa istintaq zamanı dindirilən şahidlərə gəldikdə, X10 və X13 xx xxxx 2020-ci il tarixdə mübahisə düşən ərazidə olmamışlar və bu hal istintaq zamanı verdiyi ifadələri ilə təsdiq edilir. Hər iki şəxs ifadəsində qeyd edirlər ki, onlara telefon zəngi ilə hadisə barədə məlumat verilmişdir. Yəni bu şəxslərin heç bir şeyi gözləri ilə görmədikləri üçün onların ifadəsi onsuz cinayət qanunvericiliyi ilə əhəmiyyətsiz sayılır. Digər şahid qismində dindirilmiş X4 gəlikdə isə o, artıq şahid kimi deyil “üzə duran” kimi tanınır və qərəzli olduğu üçün ona qarşı verdiyi istənilən ifadəsi ziddiyət kəsb edir və sübut kimi qiymətləndirilə bilməz. Buna dair sübutu istintaq zamanı müstəntiqə də təqdim etmişdir. Lakin buna da münasibət bildirilməmişdir. Belə ki, Qaradağ RPİ-nin xx xxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı sübut növü kimi məhkəməyə izahatına qoşma ilə təqdim edərək bildirir ki, X5 artıq bir dəfə ona qarşı ziddiyətli ifadələr verməsi bu qərarla müəyyən edilmişdir. Hazırki iş üzrə də olmaqla cinayət işində də tək şahid sübut növü kimi onun ifadəsi ilə barəsində cinayət işi açılmışdır. Sonda müəyyən edilmiş və qərarda göstərilmişdir ki, “iş üzrə şahid qismində dindirilmiş X5 ilkin olaraq Şəxs birlikdə törətdiyi əməli etiraf etməsədə, sonradan həmin ifadələrin yanlış olduğunu və bu əməli törətdiklərini bildirir. Həmin şəxsin istintaq zamanı bir-biri ilə ziddiyət təsdiq edən ifadələr verməsi onun gətirdiyi dəlilərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına aradan qaldırılması mümkün olmayan şübhələr yaradır”. Göründüyü kimi həmin şəxsin ifadəsi hər zaman ona qərəzli olmuş və bundan sonra da olması sübuta ehtiyac olmadan müəyyən edilir. Digər bir nüansı da vurğulamaq istəyir ki, X5 bu iş üzrə ifadə verərkən bildirmişdir ki, o, həmin vaxt iş yerində özlərinə məxsus konu işlədərkən guya onun ora konla gəldiyini və şırımaçan texnikanı konun ağzına alaraq dərəyə atdığını görmüşdür. Bəlkə elə ədavət yaratmaq və ya iş xətası olaraq elə onun özü şrımaçanı dərəyə yuvarlayıb? Əgər onun bunları görməyə bu qədər zamanı vadırsa həm qarşısını ala bilərdi, həmdə ki hadisəni kamera görüntüsü ilə çəkib təmiz sübut kimi ortalığa çıxardardı. Yəni qeyd etdiyi kimi ona qarşı qərəzlidir və digər şahid X11 da əvvələr onun işçisi olmuş, o da X3 ifadəsini təsdiq etdiyini istintaq zamanı bildirmişdir. Qeyd etdiklərindən və sadalananlardan göründüyü kimi, ümumiyyətlə inzibati xəta hadisəsinin olması sübuta yetirilmir və bu hal iş üzrə icraata xitam verilməsinə birbaşa əsasıdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların dairəsi açıq şəkildə göstərilmiş və bu zaman; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Bunlardan birin götürsək misal üçün “inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı” bu hal da özünü təsdiq etmir. Belə ki, X13 ifadəsində bildirir ki, “şırımaçan texnikanın bərpası ilə bağlı çəkdiyi xərclərlə bağlı əlində hər hansı bir çekin olmadığını, texnikanı motor sarıyan sexdə düzəltdirdiyini, bəzi avadanlıqları Sahil və Bəxtiyar adlı şəxslərin mağazalarından aldıqlarını, bəzilərinin isə özlərində olduğunu göstərmişdir”. Belə olan halda 3000 manat xərcin çəkilməsi və zərərin bu qədər qiymətləndirilməsi sübutsuz olduğu halda, həmçinin sübutun olmayacağına dair şahidin qəti ifadəsi olmasına baxmayaq əsassız və qanunsuz şəkildə müstəntiq, eləcədə prokuror tərəfindən bu sübut kimi qiymətlədirilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir və qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 77.1 -ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd etdiklərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış 3(002)-1791/2020 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində vurduğu ziyanın bir misli miqdarında cərimə edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar