Məhkəmə qərarları › İş №3(002)-1802/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1802/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1802/2022 02.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, DSX Sahil mühafizəsi dalandar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli, 2(002)-1306/2013 nömrəli icra sənədinə əsasən 16 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 iyun 2013-cü il tarixdən başlayaraq Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq X1 ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 8250 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 8250 manat aliment borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq icra məmuru X5 məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, borclunun daimi iş yerinin olması barədə borclunun izahatını alarkən məlumatı olmuşdur, aliment borcunun borclunun əmək haqqına yönəldilməsi barədə isə tələbkarın razılığı olduğu halda mümkündür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli, 2(002)-1306/2013 nömrəli icra sənədinə əsasən 16 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 iyun 2013-cü il tarixdən başlayaraq Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq X1 ödənilməlidir. 2-ci dəfə ailə həyatı qurmuşdur, ümumilikdə 3 övladı vardır. Qeyd olunan icra sənədindən xəbərdardır, yoldaşı onkoloji xəstə olduğundan onun müalicə xərclərinə görə yaşadıqları evi satmış, hazırda kirayə yaşayırlar. 2 ildən artıqdır ki, rəsmi iş yeri var və müqavilə əsasında işləyir, aylıq əmək haqqı 399 manat təşkil edir. Tələbkarın xeyrinə 2022-ci il üzrə yanvar ayında 100 manat ödəniş etmişdir. Buna baxmayaraq, maddi vəziyyəti imkan verdiyi həddə övladının istəklərini təmin edir, ümumilikdə tələbkarın xeyrinə 3050 manat aliment ödəmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclasında bildirmişdir ki, icra məmuru tərəfindən ona zəng olunaraq icra şöbəsinə dəvət edilməmişdir. Bu gün isə polis əməkdaşı tərəfindən ona zəng olunaraq icra şöbəsinə gəlməsi bildirilmiş və o, dərhal gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli, 2(002)-1306/2013 nömrəli icra sənədinə əsasən 16 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 iyun 2013-cü il tarixdən başlayaraq Şəxs hər ay 100 manat məbləğində aliment tutularaq X1 ödənilməlidir. İcraata başlama haqqında 09 dekabr 2013-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli, 2(002)-1306/2013 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli, 2(002)-1306/2013 nömrəli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə 8250 manat aliment borcu yaranmışdır. X4 tərəfindən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, Şəxs 15 sentyabr 2014-cü ildə 50 manat və 06 mart 2015-ci ildə 250 manat olmaqla cəmi 300 manat ona ayrılan aliment almışdır. 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinə həvalə edilmişdir. “Azfemida” Elektron Məhkəmə Sisteminin əmək müqaviləsinə dair məlumat bölməsindən görünür ki, Şəxs aylıq əmək haqqı 399 manat olmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində dalandar vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Həmin Qanunun 43.1.2-ci bəndinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri hesab olunur. Həmin Qanunun 63.1.1-ci maddəsinə əsasən isə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə ümumilikdə 3050 manat ödəniş olunmuşdur. Bundan əlavə borclu Şəxs 2 il ərzində rəsmi iş yerinin olmasına baxmayaraq, icra məmuru tərəfindən icra sənədinə laqeyd yanaşılmış və məcburi icra tədbirlərini həyata keçirməməklə aliment borcu məbəğinin artmasına səbəb olmuşdur. Hazırki halda borclu Şəxs hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra məmurunun icra sənədinə laqeyd yanaşaraq borc məbləğinin artmasına səbəb olması kimi nəzərə alınmalıdır. Odur ki, vaxtaşırı ödəmələrin tutulması üzrə borcun Şəxs əmək haqqına yönəldilməsinin mümkün olduğunu nəzərə alaraq, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar