Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1802/2024 17.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Beynəlxalq Dəniz Ticarət Limanının sol cinahında qanunsuz balıq ovladığı məlum olmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayonu, Ələt sahil nəzarəti bölməsinin rəisi V.A.Sadıqovun müraciəti əsasında, Ələt sahil nəzarəti bölməsinin əməkdaşlarının nəzarət etdiyi Ələt qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sol cinahında 2 nəfər vətəndaşın balıq ovundan qayıtmasını müşahidə etmişlər. Onların dənizdən gətirdikləri iki ədəd sintetik kisədə balıq olduğu müəyyən olunmuşdur. Kisələrə baxış keçirilərkən məlum olmuşdur ki, birinci kisədə 15 ədəd kefal, ikinci kisədə isə 14 ədəd kefal balığı olmaqla, ümumilikdə 29 ədəd kefal balığı ovlanmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşkar edilmiş faktla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində inzibati araşdırma başlanılmış və inzibati xəta hadisəsinin törədildiyi ərazinin fotoşəkilləri əlavə edilmiş müvafiq monitorinq aktı qəbul edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, o və yanındakı tanışı ilə sahil kənarında istirahət etmək məqsədilə oturmuşlar, heç bir balıq ovu həyata keçirməmişdir. Ələt sahil nəzarəti bölməsinin həmin ərazidə xidmət edən əməkdaşları da onlara yaxınlaşdıqda hər hansı balıq ovu ilə məşğul olmadıqlarını, dənizi seyr etmək üçün sahildə əyləşdiklərini bildirmişlər. İnzibati xəta haqqında iş materialına əlavə olunmuş fotoşəkil onun məlumatı olmadan çəkilmişdir. Bel çantası formasında olan torbada özünəməxsus əşyaları olmuşdur. Həmçinin, materiala əlavə edilmiş şəkillərdə əks olunan balıqların ovlanmasında onun heç bir aidiyyəti yoxdur, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 04 iyun 2024-cü il tarixli aktın tərtib edilməsində iştirak etməmişdir. Qeyd etdiyi səbəblərdən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirdi ki, o, xx.xx.2024-cü il tarixli monitorinq aktının tərtib edilməsində iştirak etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, xx.xx.2024-cü il tarixdə hadisə ilə bağlı əraziyə baxış keçirilərək akt tərtib etmişdir. Həmin tarixdə isə o, Şəxs hadisə yerində görməmişdir. İnzibati xəta haqqında iş materialına əlavə olunmuş akt Ələt sahil nəzarəti bölməsinin həmin ərazidə xidmət aparan əməkdaşları tərəfindən verilmiş məlumat, təqdim olunmuş fotoşəkillər və videogörüntü əsasında tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 85144 nömrəli, xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, Qaradağ rayonu, Ələt sahil nəzarəti bölməsinin rəisi V.A.Sadıqovun müraciəti əsasında, Sahil mühafizə əməkdaşlarının nəzarət etdiyi Ələt qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sol cinahında 2 nəfər vətəndaşın balıq ovundan qayıtmasını müşahidə etmişlər. Onların dənizdən gətirdikləri iki ədəd sintetik kisədə balıq olduğu müəyyən olunmuşdur. Kisələrə baxış keçirilərkən məlum olmuşdur ki, birinci kisədə 15 ədəd kefal, ikinci kisədə isə 14 ədəd kefal balığı olmaqla, ümumilikdə 29 ədəd kefal balığı ovlanmışdır. Araşdırma müddətində əldə olunan sənədlər, ərazidən çəkilən fotoşəkillər və video-görüntülər akta əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən və videogörüntülərdən Şəxs həmin balıqları hər hansı üsulla ovlaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və videogörüntüləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya səbəb olacaq hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 85144 nömrəli, xx.xx.2024-cü il tarixli akt və foto-video görüntülər əsasında təsdiq olunduğunu qeyd etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş fotoşəkillər yalnız balıq rəsmlərindən, videoçəkilişdə olan görüntü isə Şəxs və onun yanında olan şəxslə aparılan söhbətin qeydə alınmasından ibarətdir. Belə ki, Şəxs balıq ovlayan anda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və ya Ələt sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən tutulmamışdır. Fotoşəkillərdə əks olunan içərisində balıqlar olan iki ədəd sintetik kisələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Şəxs inzibati xəta hadisəsi törədilən ərazidə aktda qeyd edilən növ balıqların ovlanması faktı təqdim edilmiş fotoşəkillər və digər videogörüntülərdən müəyyən olunmamış, inzibati orqanın nümayəndəsi isə inzibati xəta haqqında protokola dair izahatını təqdim edərkən hadisənin baş verməsini təsdiqləyəcək faktların yalnız iş materiallarına əlavə olunmuş fotoşəkillər və videogörüntüdən ibarət olduğunu qeyd edərək hər hansı əlavə sübut təqdim etməmişdir. Bundan əlavə təqdim olunmuş sübutlarla inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta hadisəsinin ümumiyyətlə mövcud olması və həmin hadisənin məhz Şəxs tərəfindən törədilməsi halı sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs protokolun və aktın tərtib olunması zamanı məlumatsız olmasını və iştirak etmədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1802/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1802/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver