Məhkəmə qərarları › İş №3(002)-1813/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1813/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1813/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin inspektoru X1, «X4» MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən «X4» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən «X4» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə inzibati material daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 3(004)- 3633/2023 saylı qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin hüquqi ünvanının harada olmasından asılı olmayaraq bu cür inzibati xətanın törədildiyi yer işçinin işlərin yerinə yetirilməsinə cəlb edildiyi ərazi üzrə törədilmiş olur. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, «X4» MMC, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçini işlərin görülməsinə cəlb etmişdir. Məhkəmə iclasında «X4» MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edərək daxil olmuş inzibati materialın ərazi adiyyət məsələsinə dair mübahisə üzrə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin inspektoru X2 inzibati materialın ərazi adiyyət məsələsinə dair mübahisə üzrə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyi bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində göstərilir ki, eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin görülməsinə harada cəlb edilməsindən asılı olmayaraq əmək müqaviləsinin rəsmiləşdirilməsi hüquqi şəxsin ünvanında həyata keçirilməli idi. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanının yerləşdiyi yerdə baş verdiyindən həmin inzibati material aidiyyəti üzrə Yasamal rayon məhkəməsində baxılmalı olduğundan aidiyyət məsələsinin həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən «X4» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar