Məhkəmə qərarları › İş №3(002)-1831/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1831/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1831/2025 03.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 275.4-ci maddəsinə əsasən toplanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 275.4-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-02424/25/1 saylı, 01 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/021350 raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs (VÖEN: **********) ünvanına göndərilmiş və **********2442 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar xx.xx.2025-ci il tarixdə 853AİA02/98ABY02 nömrəli nəqliyyat vasitəsində daşınaraq ölkə ərazisinə gətirilmiş və postunda mallara keçirilən baxış zamanı 6-cı mal mövqeyində bəyan edilən "soyuq içkilər üçün fincanlar" yükünün 08 iyun 1999-cu il 678-İQ nömrəli "X6 haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşməsi barədə gömrük orqanı əməkdaşı tərəfindən şübhə yaranmışdır. Bu səbəbdən müvafiq araşdırmanın aparılması üçün Təhqiqat şöbəsinə raportla müraciət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs ünvanına 853AİA02/98ABY02 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal olunan mallar **********2442 sorğu nömrəli gömrük bəyannaməsi ilə beyan edilmişdir. Lakin, **********2442 sorğu nömrəli gömrük bəyannaməsinin 6 ci mal mövqeyində bəyan edilən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkanlar yükünün plastik stəkanlar olması şübhəsi ilə qanunvericiliyin tələbinə əsasən idxalının qadağan olunduğu bildirildi. Bu səbəbdən həmin stəkan yükünün tərkibinin müəyyən edilməsi üçün müəyyən hərəkətlərin edilməsi və hüquqpozma əməlinin olub-olmamasını müəyyən etmək üçün Rəsmiləşdirmə mərkəzi Tahqiqat şöbəsinə bu barədə raport yazmışdı. Həmin stəkanların plastik olduğunu düşünmürük və təkrar emala uyğunu olduğunu düşündüyümüz üçün həmin stəkanları idxal etmək istəmişdik. Şəxs tərəfindən gömrük orqanına təqdim olunan xx.xx.2025-ci il tarixli 23060509 nömrəli invoys üzrə **********2442 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilmiş malların XİF MN üzrə kodunun, plastik olub- olmamasının, eləcə də yuxarıda "X6 haqqında" Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsində sadalanan plastik növlərinin hansına aid olmasının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Bu səbəbdən X8 İdarəsinə müraciət edilmiş və ekpsert rəyində ekseprt tədqiqatı üçün təqdi edilən stəkanları təsviri "Disposable cups with lids" adlı, tutumu 600 ml olan, soyuq içkilər üçün nəzərdə tutulmuş üzərində "Wondercup" yazısı və qida məhsulları ilə təmasa yararlı, həmçinin "pet" əsaslı plastmastdan hazırlanmasını göstərən markalanması olan, politilentereftalat əsaslı, üzəri çap olunmamış, rəngsiz, şəffaf, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkanlar kimi göstərilmişdir. Bununla da, Təhqiqat şöbəsində aparılan araşdırma nəticəsində **********2442 sorğu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində bəyan edilən "soyuq içkilər üçün fincanlar" yükünün 08 iyun 1999-cu il 678-İQ nömreli "X6 haqqında" Azerbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli "X6" haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş 00100-02424/25/1 nömrəli inzibati xəta haqqında iş barədə "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ona məxsus ********** mobil nömrə ilə əlaqə saxlanılaraq məlumat verildi və iştirakının olmadan protokol və qərardadın tərtib olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"-nın tesdiq edilməsi barədə Azərbaycan Respublikasının Fərmanının 22-1-ci bəndində göstərilmişdir ki, İnzibati Xətlar Məcəlləsinin 275.4-cü və 275.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib oluna bilər. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt: gömrük yoxlaması, xx.xx.2025-ci il tarixli 3-33-1100/012/021350 nömrəli raport. xx.xx.2025-ci il tarixli 23060509 nömrəli invoys, **********2442 sorğu nömrəli gömrük bəyannaməsi, Məhkəmə Gömrük Ekspertizası İdarəsinin ekspert rəyi və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şəxs nümayəndəsi X3 öz izahatında idxal etdikləri məhsul birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastmast materialdan olan şəffaf rəngsiz stəkanlardan ibarətdir. Həmin məhsullar “X6 haqqında Qanunun” tələblərinə uyğun olaraq istifadəyə yararlıdır. Belə ki, bundan əvvəl də eyni məhsuldan ölkəyə idxal edilmiş və müvafiq ekspertiza rəyi ilə həmin malların idxalının qadağan olmadığı, yəni qalınlığının 15 mikrondan çox olduğu müəyyən edilmişdir. Lakin hazırki məhsul ölkəyə idxal edilərkən onların məlumatı və iştirakı olmadan Gömrük Komitəsində ekspertizadan keçirilmiş və guya ki, məhsulların idxalının qadağan olunduğu müəyyən edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şəxs nümayəndəsi X3 məhkəməyə yazılı vəsatət verərək iş üzrə yenidən məhkəmə ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspetizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2025-ci il tarixli rəyi 06 yanvar 2026-cı il tarixdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 öz izahatında keçirilmiş ekspertizanın rəyi ilə tanış olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin məhsulların ölkəyə buraxılmasına Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən icazə vermişdir. Lakin Bakı Baş Gömrük İdarəsi icazə verməmişdir. Həmin məhsulların ölkəyə idxalı qanunsuz olmamaqla standartlara uyğun olmuşdur. Odur ki, qeyd edilən malın rəsmiləşdirilməsinə icazə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı Baş Gömrük İdarəsi rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2025-ci il tarixli, 3-16-16/2-6/3664- 9/5092/2025 nömrəli rəyindən aydın olur ki, 1-ci sual üzrə: Həmçinin qeyd edilir ki, mübahisə predmeti olan tədqiqat obyektlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rusumlarini dərəcələri”nə əsasən hansı kod üzrə təsnifləşdirilməsi hüquqi xarakter daşıdığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. 2-ci sual üzrə: Aparılmış infraqırmızı spektroskopiya tədqiqatının nəticələrinə əsasən tədqiqat esas tərkib obyektlərinə baxış zamanı götürülmüş şəffaf fincan nümunələrinin komponentinin polietilen tereftalat (PET) tipli polimer olduğu müəyyən edilmişdir. Polietilen tereftalat plastik materiallar sinifinə aid olan sintetik polimerdir. (İQ spektrinə və spektral kitabxana ilə müqayisəyə əsasən, nümunələrə uyğun 1-7 sırası ilə nömrələnmiş spektrlər rəyə əlavə olunur). Qərarda 2-ci sualın "texniki göstəriciləri (birdəfəlik istifadə üçün olub-olmaması) nədən ibarətdir?" hissəsi Materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından cavablandırılmadı. 3-cü sual üzrə: fincanalarda qalınlığı aşağı olan rəqəmlər fincanın oturacaq hissəsinə yaxın olan hissələridir. Oturacaq hissədə yazı olduğu üçün ölçü aparılmadı. Belə ki, həmin yazılar fincanın oturacağının qalınlığının dəqiqliklə ölçülməsinə (oturacaq hissə 60-63 mikron civarındadır) imkan vermir. Ekspertiza tədqiqatı üçün 70 (yetmiş) ədəd şəffaf fincan nümunə olaraq götürülmüşdür. Ekspertiza tədqiqatının dəyəri 150( yüz əlli) manat təşkil etmişdir. Beləliklə ekspertiza rəyindən də aydın olur ki, qeyd olunan məhsullar plastik materiallar sinfinə aid olan sintetik polimerdirlər. Həmin məhsulların qalınlığı ekspert rəyində göstərildiyi kimi 15 mikrondan çox olsa da, birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DGK-nın X4 İdarəsinin müvafiq rəylərindən və iş materiallarından da göründüyü kimi qeyd olunan stəkanlar (fincanlar) birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. İXM-nin 275.4-cü maddəsində göstərilir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan, Bakı şəhəri, Qaradağ rayonu, Bakı Baş Gömrük İdarəsi, X10 postunda saxlanılan, üzərində “WonderCup” yazısı olan, soyuq içkilər üçün nəzərdə tutulmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6930 (altı min doqquz yüz otuz) ədəd fincanlar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar