Məhkəmə qərarları › İş №3(002)-1833/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1833/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1833/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi dövlət qeydiyyat nişanı ** EC *** olan X5 Mikroavtobusla hərəkətdə olan zaman YPX əməkdaşı onu saxlayaraq barəmdə əsassız olaraq İXM-nin 324.9-cu maddəsi ilə (Bu Məcəllənin 324.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -yüz manat məbləğində cərimə edilir.) protokol və qərar tərtib etmişdir. Sözügedən qərarın tərtib olunmasına səbəb kimi isə buraxılış kartı olmadan sərnişindaşıma fəaliyyəti ilə meşğul olmağısı göstərilmişdir. YPX əməkdaşına Buraxılış kartını təqdim etməyə çalışsa da, lakin o, bunları nəzərə almayaraq əsassız olaraq barəsində TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edərək onu 100 manat məbləğində cərimə etmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2031-ci il tarixə qədər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən idarə etdiyi ** EC *** dövlət qeydiyyat nişanlı X5 Mikroavtobusuna No 743027 saylı Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara görə Buraxılış Kartı verilmişdir. Qüvvədə olan buraxılış kartının mövcud olması onu deməyə əsas verir ki, YPX əməkdaşı tərəfindən tərtib olunan protokol və qərar əsassızdır və ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Vİ Tağım yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Vİ Tağım yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, nümayəndənin iştirakı təmin edilməməklə iş üzrə əhəmiyyət kəsb edən inzibati qərarın qəbul edilməsinə əsas olan sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və ona əlavə olunan digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 idarə etdiyi X5 markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasının inzibati tənbeh almış şəxs olaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.9-cu maddəsi ilə Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasının inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. Halbu ki, iş materialına əlavə olunmuş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş SDV seriyalı, 18960 №-li buraxılış vəsiqəsi və 743027 №li, buraxılış kartından görünür ki, X2 X5 markalı, ** EC *** dövlət qeydiyyat nişanlı mikroavtobusla ölkədaxili sifarişli sərnişin daşınmasına icazə verilmiş və həmin buraxılış kartının qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2031-ci il tarixinədək müəyyən edilmiş, lakin inzibati orqan tərəfindən bu hala qiymət verilmədən qərar qəbul olunmuşdur. Sadalananlar onu deməyə əsas verir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur ki, bu da mübahisələndirilən qərarın ləğv edilməsinə və iş üzrə yenidən araşdırma aparılmasına əsaslar yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar