Məhkəmə qərarları › İş №3(002)-184/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-184/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-184/2025 31.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səlimov X1 rayon Məhkəməsinin 2(002)-721/2019 saylı, 22 aprel 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 31 yanvar 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-721/2019 saylı, 22 aprel 2019-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 8384,7 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə və 24.4 manat dövlət rüsumu olmaqla, cəmi 9409.1 manat (doqquz min dörd yüz doqquz manat bir qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 24 may 2019-cu il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu iddia edir ki tələbkara olan borcunu tam şəkildə ödəmişdir, lakin onda bu faktı sübut edəcək dəlillər yoxdur. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Tələbkar "xxxx" ASC-yə olan borcu həmin ASC-dən aldığı çörək-bulka məmulatlarına görə yaranmışdır. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra da "xxxx" ASC ilə əvvəlki qaydada iş birliyi olmuşdur. 2019-cu ilin aprel ayının sonlarından başlayaraq 2019-cu ilin iyun ayının on üçünədək mütəmadi olaraq yenə də "xxxx" ASC-dən çörək-bulka məmulatları almış və hər dəfəsində aldığı məmulatların dəyərindən dəfələrlə artıq ödəniş etməklə əvvǝlki borcunu yəni, icra sənədində göstərilən cəmi 9409,01 manat məbləğində pulu tam olaraq ödəməklə icra sənədini tam icra etmişdir. Ödənişlər barədə ona "xxxx" ASC-nin VÖEN № ********** ǝks olunmuş və anbardar tərəfindən imzalanmış qaimə-fakturalar təqdim olunmuşdur. Tərəfindən həmin qaimə-fakturalar icra məmuruna təqdim etmişdir. İcra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini icra məmurundan xahiş etmişdir, lakin buna baxmayaraq, yəni icra sənədində göstərilən borc tam olaraq tələbkara ödənilsə də icra məmuru iş üzrə icraata xitam verməmişdir. İcra məmuru, xitam verməməsini belə əsaslandırır ki, tərəfindən təqdim olunmuş həmin qaimə-fakturaları tələbkar "xxxx" ASC qəbul etmir. Lakin tələbkarın bu ödənişləri qəbul etməməsi ödəniş faktının olmasını inkar edə bilməz. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı borclu tələbkara olan borcunu tam ödədiyini iddia edərək bu haqda olan qaimələri məhkəməyə təqdim etmişdir. Belə olan halda şəxsin əməlində inzibati xəta tərkibinin olduğunu sübuta yetirmək qarşı tərəfin üzərinə düşür. Muğan ASC-dən isə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və borclunun iddia etdiklərini inkar edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa borclu icra məmurunun çağırışlarından da yayınmamışdır. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun qanuni tələbinə əməl etməməsinə dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar