Məhkəmə qərarları › İş №3(002)-1842/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1842/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1842/2025 26.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon DYPŞ-nın Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon DYPŞ-nın Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 02 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X5 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon DYPŞ-nın Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 02 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və YPX əməkdaşının qanunsuz olaraq nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığına görə vurulan 42.60 manat maddi ziyanın (taksi xərcinin) geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində saat 10:25-də (səhər saatlarında) Bakı şəhəri Qaradağ rayonu ərazisində şəxsi minik avtomobilimlə hərəkətdə olarkən Qaradağ rayon DYPŞ-nin YPX baş inspektoru polis baş leytenantı X4 tərəfindən avtomobilimin ön buferi üzərində olmadığına görə (şəxsi mənzilimdə təmirdə olmuşdur) saxlanılaraq İXM-in 342.5-ci maddəsi ilə cərimə olunacağıma və nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma edilərək duracağa qoyulacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra mənim tərəfimdən YPX əməkdaşına həmin maddədə qeyd olunan "konstruksiyasının digər ünsürləri" ifadəsinin şərhinin "Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində qeyd olunduğunu və buna görə də hər hansı qayda pozmadığımı, habelə NV-nin idarə olunmasından kənarlaşdırmanın da İXM-in 96 maddəsinə əsasən tənzimləndiyini bildirərək barəmdə tədbiq etdiyi protokola və NV-nin idarə olunmasından kənarlaşdırılmağıma etiraz etmişəm. YPX əməkdaşı hadisəni aşkar etdiyi yerdə protokol tətbiq etməyərək, məni (onun nasaz hesab etdiyi avtomobilimi) idarə edərək Bakı şəhəri Qaradağ rayon DYPŞ-nin inzibati binasına gəlməyimi bildirmişdir. Belə də oldu, mən öz NV-i həmin vəziyyətdə yenidən idarə edərək deyilən ünvana getdim. Burada onun tərəfindən yenidən müzakirə aparılaraq aşkar etdiyi hadisəni əsassız şəkildə İXM-in 342.2.2 maddəsinə tövsif edərək qərarsız protokol tərtib edilmiş və məni NV-nin idarə olunmasından kənarlaşdırılaraq Qaradağ rayonu Müayinə mərkəzində yerləşən duracağa yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə həmin protokol üzrə qərar verilmişdir. Qeyd etmək istərdim ki, YPX əməkdaşı tərəfindən nasaz hesab olunan avtomobil evakuator vasitəsi ilə həmin dayanacağa aparılmamış, tam əksinə mənim də iştirakımla YPX əməkdaşı tərəfindən idarə edilərək dayanacağa aparılmışdır. Daha sonra taksi xidmətindən istifadə edərək, yenidən Bakı şəhəri Qaradağ rayon DYPŞ-nin inzibati binasına gələrək sənədlərimi və protokolu götürməyimi bildirmişdir. Qeyd etmək istərdim ki, ön bufer olmasa belə avtomobilin qeydiyyat nişanı ön tərəfdə aydın görünəcək şəkildə tərəfimdən bərkidilmişdir. Habelə "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində qeyd olun tələbləri və İXM-in 342.2.2 maddəsinin tələbini pozmamışam. Qaradağ rayon DYPŞ-nin əməkdaşı isə müəyyən etdiyi halı doğru nəticələndirməmişdir. YPX əməkdaşı tərəfindən avtomobilim qanunsuz olaraq dayanacağa qoyulduqdan sonra bildirilmişdir ki, nöqsan aradan qalxdıqdan sonra yenidən götürülə bilər. Daha sonra operativliyi təmin etmək məqsədi ilə taksi xidmətindən istifadə edərək mənzilimə gələrək sözügedən avtomobilin hissəsini (buferi) götürərək yenidən Qaradağ rayonu Müayinə mərkəzi istiqamətinə yük taksisi sifariş verərək həmin ünvana getdim. Ümumilikdə YPX əməkdaşının qanunsuz olaraq NV-nin idarə olunmasından kənarlaşdırıldığıma görə 42.60 AZN maddi ziyan (taksi xərci) vurmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon DYPŞ-nın Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı X4 öz izahatında verilmiş şikayəti qismən qəbul edərək göstərmişdir ki, X5 02 sentyabr 2025-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində ** KF *** dövlət qeydiyyat nişanlı Kia Carens minik markalı avtomaşını qabaq fartuğu (buferi) olmadan idarə edərkən saxlanılmış, lakin şəxs barəsində protokol tərtib edilərkən mexaniki səhv edərək İXM-nin 342.5-ci maddəsinin əvəzinə İXM-nin 342.2.2-ci maddəsi ilə qərar qəbul edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, X2 taksi xidmətindən istifadə edərək ona 42,60 manat maddi ziyan vurulması ilə bağlı şikayətini qəbul etmir. Belə ki qeyd olunan ziyanla onun hərəkəti arasında heç bir əlaqə yoxdur. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət verən şəxs X3 məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron ərizə ünvanlayaraq keçiriləcək iclasa hərbi qulluqçu olduğu üçün üzrlü səbəbdən qatılmaq imkanının olmadığını bildirərək onun iştirakı olmadan şikayətinə baxılaraq yekun qərar qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin ərizəsini və iş materiallarını araşdıraraq, eləcədə barəsində şikayət verilmiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməklə Qaradağ rayon DYPŞ-nın yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən 02 sentyabr 2025-cü il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalı, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 02 sentyabr 2025-ci il tarixdə, saat 10:25-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ** KF *** dövlət qeydiyyat nişanlı Kia Carens minik markalı avtomaşını idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-nin 342.2.2- ci maddəsi ilə təqsirli bilinməklə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, X5 02 sentyabr 2025-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində ** KF *** dövlət qeydiyyat nişanlı Kia Carens minik markalı avtomaşını qabaq fartuğu (buferi) olmadan idarə etmişdir. Göründüyü kimi onun əməlində İXM-nin 342.2.2-ci maddəsinin tərkibi mövcud deyil. X2 avtomaşını idarə etmədən kənarlaşdırıldıqdan sonra taksi xidmətindən istifadə etdiyinə görə ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı şikayətinə münasibətdə isə məhkəmə hesab edir ki, şikayət bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı qeyd olunan ziyanın yaranmasında DYP əməkdaşının təqsiri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ rayon DYPŞ-nın yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 02 sentyabr 2025-ci il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair 02 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar