Məhkəmə qərarları › İş №3(002)-1847/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1847/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1847/2025 18.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin sahə inspektoru, polis polkovnikleytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonu, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 17 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marixuana çəkdiyi üçün 16 sentyabr 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs tutduğu əməldən peşman olduğunu bildirməsi barədə qeyd aparılmışdır. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 bildirmişdir ki, Şəxs 15 sentyabr 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qızıldaş yolu deyilən ərazidə marixuana çəkdiyi Qaradağ RPİ-nin çevik-polis alayının əməkdaşları tərəfindən aşkar edilmiş və həmin şöbəyə dəvət edilmişdir. Şəxs bununla əlaqədar “Respublika Narkoloji Mərkəzi” X4 müayinədən keçirilmiş, müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində “THC (+) müsbət” aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qardağ Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında material natamam olduğundan Qaradağ RPİ-nin 10-cu PŞ-nə geri qaytarılmışdır. Bundan sonra, Şəxs izahatı alınan zaman bildirmişdir ki, marixuananı Qızıldaş qəsəbəsində daş karxanasında tapmış və dostu ilə birlikdə qəbul etmişdir. 18 sentyabr 2025-ci il tarixdə həmin inzibati xəta haqqında materialda natamamlıq aradan qaldırıldıqdan sonra təkrar baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəvəsində daş karxanasında çalışır. Arvadı vəfat etmişdir. Gözləri zəif görən 24 yaşlı İİ qrup əlil övladı vardır. Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında daşın dibindən narkotik vasitə olan marixuana tapmışdır. 15 sentyabr 2025-ci il tarixdə həmin marixuananı Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində Qızıldaş yolu deyilən yerdə dostu Baxşəliyev Akif ilə birlikdə qəbul etmişdir. Əvvəllər belə əməllərə yol verməmişdir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində əlil övladının və yaşlı anasının olmasını, arvadının vəfat etməsini nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini istəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 3372 nömrəli aktdan görünür ki, Şəxs sidiyində “THC (+) müsbət” (kannabinoidlər) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X1 verilmiş xx.xx.2025-ci il tarixli, 5789 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 3372 nömrəli aktından və həmin xx.xx.2025-ci il tarixli, 5789 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən də göründüyü kimi Şəxs sidiyində “THC (+) müsbət” (kannabinoidlər) aşkar edilmişdir. Şəxs törətdiyi əməli etiraf edir. Bütün bunlar Şəxs narkotik vasitə istifadə etdiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Həbs etmənin əvvəli 18 sentyabr 2025-ci il tarixdən 11:40-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar