Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1857/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, BDYPİ-nin YPX-nın 6-cı tağımının yol patrul xidməti inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Səbail rayonu, ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 24 iyun 2024-cü il tarixdə, saat 19:40 Bakı-Qazax yolunun 47-ci kilometrində yerləşən BDYPİ-nin 719 saylı postunda YPX-nın 6-cı tağımının yol patrul xidməti inspektorlarına qarşı tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 iyun 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 19:40 radələrində yol hərəkəti qaydalarını pozduğuna görə Bakı- Qazax yolunun 47-ci kilometrində yerləşən BDYPİ-nin 719 saylı postunda saxlanılmış və bu zaman YPX-nın 6-cı tağımının yol patrul xidməti inspektorlarına qarşı tabesizlik göstərmişdir. Nəticədə Şəxs barəsində onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 iyun 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ-nin YPX-nın 6-cı tağımının yol patrul xidməti inspektoru, polis baş serjantı X4 öz izahatında göstərmişdir ki, 24 iyun 2024 ci il tarixdə, saat təxminən 19:40 radələrində Bakı-Qazax yolunun 47-ci km-də 719 saylı stasionar DYP postunda xidmət aparan zaman “Land Rover” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü hərəkət zolağında manevr edərkən xarici işıq cihazlarından istifadə etmədiyi üçün saxlamışdır. O sürücüyə yaxınlaşıb özünü təqdim edib ona qayda pozuntusunu izah etmiş və barəsində protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra sürücü Qobustan qəsəbəsi sakini xx xxxxxx 1979-cu il təvəllüdlü Şəxs qayda pozuntusunu törətdiyini inkar edərək onunla mübahisə etməyə başlamışdır. Bundan əlavə olaraq xidmət apardıqları posta hər bir inspektorun onu tanıdığını, qayda pozsa belə onun barəsində protokol yazılmadığını bildirmişdir. O sürücüyə bir daha qayda pozuntusunun mahiyyətini izah edib şəxsi tanışlıqla yox ancaq kimliyindən asılı olmayaraq qayda pozan sürücü barəsində protokol yazdığını və bununda ona aid olduğunu bildirmişdir. Sürücü barəsində protokol tərtib edən zaman onun ünvanına böhtan xarakterli ifadələr işlədərək onun maşınlardan rüşvət formasında pul aldığını və bundan əlavə onu rüşvətxor korrupsioner adlandıraraq “sən kişi deyilsən” ifadələrini işlətmiş və bildirmişdir ki, əgər onun barəsində protokol yazsa bu ona baha başa gələcək. Onu postda işləməyə qoymayacaq. O sürücüyə onun ünvanına təhqiredici sözlər işlətməklə şərəf və ləyaqətini alçatdığını bildirmiş və bir daha onun ünvanına təhqir edici ifadələr işlədərsə onun barəsində daha ciddi tədbir görəcəyini xatırlatmışdır, lakin sürücü daha da kəsin halda polisin ünvanına təhqiredici ifadələr işlədərək onun şərəf və ləyaqətini bir daha alçaltmışdır. O bu ifadələri yüksək səslə polisin ünvanına söyləyərkən xidməti ərazidə yol hərəkəti iştirakçılarını cəlb etməklə onların ora toplaşması ilə ictimai asayişin pozulmasına səbəb hərəkətlər törətmişdir. O sürücünün onunla birlikdə 11-ci PB-na barəsində törətdiyi hərəkətlərinə görə gedəcəyini bildirdikdə o polisin qanunu tələbinə əməl etməmiş, öz hərəkətlərini davam etməyə başlamışdır. Sürücünü polisin qanunu tələbini icra etməyə bir daha dəvət etsələr də sürücü əhəmiyyət verməyib daha da kəskin halda onları təhqir etmişdir. Onlar əraziyə dəvət olunan 11-ci PB-nin əməkdaşlarının köməyi ilə sürücünü 11-ci PB-na təmin etmişlər. Odur ki, sürücü Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Səbail rayonu, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir. 24 iyun 2024-cü il tarixdə, axşam saat 19:40 radələrində Qobustan qəsəbəsindən işdən çıxıb evə, yəni Bayıl istiqamətində gedərkən Qaradağ postunda yol polisi əməkdaşı ona saxla əmri vermişdir. O avtomobili saxlayaraq polis əməkdaşından onu saxlamasının səbəbini soruşmuşdur. Polis əməkdaşı ona dönmə işığını yandırmadığını bildirmişdir. O isə yolda tikinti işləri getdiyini, yolda arakəsmələr qoyulduğuna görə dönmə işığını yandırmasının heç bir əhəmiyyət kəsb etmədiyni bildirmişdir. Bu zaman polis əməkdaşı onunla mübahisə etmişdir, lakin o polis əməkdaşına qarşı heç bir tabesizlik göstərməmiş və hər hansı bir təhqirə yol verməmişdir. Yalnız polis əməkdaşına tərtib etdiyi protokolun qanunsuz olduğunu və ondan şikayət edəcəyini bildirmişdir. O öz izahatında daha sonra yaranmış vəziyyətə görə törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı qismən olaraq öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan hadisənin görüntüsünü özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Land Rover” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomaşınla 24 iyun 2024-cü il tarixdə DYP-nın 719 saylı stasionar postunda xidməti vəzifəsini yerinə yetirən polisin əməkdaşı BDYPİ-nin YPX-nın 6-cı tağımının yol patrul xidməti inspektoru, polis baş serjantı X4 ilə əsassız olaraq uzun-uzadı mübahisə edərək “burada it yiyəsini tanımır” və “rüşvət alan kişi deyil” sözlərini işlətmişdir. Lakin videogörüntüyə baxış zamanı Şəxs istər polisin, istərsə də hər hansı bir şəxsin ünvanına nalayiq və təhqiramiz ifadələr işlətməsi, eləcə də polisə real olaraq hər hansı bir formada müqavimət göstərməsi öz təsdqini tapmamışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan hadisə ilə əlaqədar 24 iyun 2024-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzbati həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1857/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1857/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver