Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-186/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 19 yanvar 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 20 dekabr 2022-ci il tarixdə, təxminən 10:30 radələrində vətəndaş Şəxs idarə etdiyi «Ford Transit» yük markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Qobu-Park” yaşayış kompleksinin giriş hissəsindən təxminən 600 metr aralıda, yolun ziqzaqvari döngəli hissəsində dönmə manevrini düzgün yerinə yetirə bilməmiş və idaəetməni itirdiyi üçün avtomobil 1.1 üfiqi nişanlanma xəttini kəsərək əks istiqamətli nəqliyyat axınının yoluna çıxmışdır. Bu zaman onun avtomobili əks istiqamətli hərəkət zolağında, yəni Qobu qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 09 yanvar 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-in 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, 2012ci ildən bəri sürücülük təcrübəsi var. B1, B, C1, C kateqoriyalı sürücüdür. 20 dekabr 2022ci il tarixdə, saat təxminən 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində satda təxminən 50 km sürətlə hərəkətdə olarkən “Qobu- Park” yaşayış kompleksinə çatmağa təxminən 600-700 metr qalmış yolun ziqzaqvari döngəli hissəsində əks tərəfdən gələn “Ford Transit” yük markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin döngəni dönə bilmədiyini və onun hərəkət zolağına çıxdığını görmüşdür. O, təhlükəni görən kimi əyləci basmış və avtombili sağ tərəfə çəkib qrunt hissəyə doğru sürmüşdür ki, yoldan kənara çıxsın və həmin avtomobillə toqquşma olmasın. Lakin həmin avtomobil dayana bilməmiş, onun ön hissəsi onun avtombilinin ön sol qanad və qapı hissəsinə çırpılmışdır. Digər avtomobilin sürücüsü və sərnişinlər heç bir xəsarət almamışdılar. O isə başından və sağ ayağından, sol ayağından, xəsarət almışdır. Sinəsi möhkəm əzilmişdir. O, 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları və ambulans gəlmiş, onu 1 saylı X3 aparmışlar. Halhazırda da tibbi müalicəsini davam etdirdiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı hər hansı bir şikayət və tələbinin olub-olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında özünü təqsirli bilərək göstərmişdir ki, 1996-cı ildən bəri sürücülük təcrübəsi var. B C D kateqoriyalı sürücüdür. “Sədərək” ticarət mərkəzində malların daşınması ilə məşğul olur. 20 dekabr 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford Transit” yük markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Sədərək” Ticrət Mərkəzindən qab-qacaq aparıb Qobu qəsəbəsində olan anbara boşaltmış, yanında Vaqif və İbrahim adlı iki nəfər fəhlə də olmuşdur. Oradan qayıdarkən saat təxminən 10:30 radələrində Lökbatan-Qobu yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə imiş. Qobu-Park yaşayış kompleksini keçdikdən təxminən 600-700 metr sonra yolun ziqzaqvari döngəli hissəsində döngəni əvvəlcədən görmədiyi üçün dönə bilməmiş və sola, yəni əks istiqamətli hərəkət zolağına çıxmışdır. Həmin vaxt az-az yağış yağırmış deyə asfalt sürüşkən olmuş, döngəni görəndə sürəti azaldıb dönmək üçün əyləci bassa da avtomobil sürüşdüyü üçün əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman əks istiqamətdən “Hyundai Elantra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, həmin avtomobilin sürücüsü sola çəkib hadisədən yayınmaq istəsə də toqquşma olmuşdur. Onun avtomobilinin ön hissəsi həmin avtomobilin ön sol qanad və qapı hissəsinə çırpılmışdır. Hadisə zamanı özü və onun avtombilində olan Vaqiflə İbrahim adlı şəxslər xəsarət almamış, lakin digər avtomobilin sürücüsü ayağının ağrıdığını demişdir. Sonra onlar 102 Xidmətinə zəng vurub hadisə barədə məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmiş, zərərçəkən şəxsi müayinə etmək üçün xəstəxanaya aparmışlar. O, hadisənin baş verməsində təqsirkar olduğunu bildiyini, hadisə onun əks istiqamətli nəqliyyat axınının yoluna çıxmağına görə baş verdiyini, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Hadisə baş verən zaman avtomobilinin sürəti təxminən 70 km/saat olmuş, o yolun sərt döngəli olduğunu əvvəlcədən bilməmiş, həmin yerə çatanda döngəni gec gördüyünü və yer də sürüşkən olduğundan əyləci basmağının faydasının olmadığını qeyd etmişdir. Hal-hazırda da əməlindən peşiman olmasının, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsinin və zərəçəkən şəxslə barışmasının nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-yə məlumat verilsə də, həmin təşkiltadan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əlavə 20 dekabr 2022-ci il tarixli, 2/41455 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 12:00 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaaydalarına əlavə 20 dekabr 2022-ci il tarixli, 2/41484 nömrəli tibbi müayinə aktından aydın olur ki, Zərərçəkmiş şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 15:02 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin” “canlı şəxsin ekspertizası”na dair 09 yanvar 2023-cü il tarixli, 949 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər; başın ənsə nahiyəsinin əzilmiş yarası, başın alın, sol qulaq seyvanının, sol budun və hər iki diz oynağının ön səthinin sıyrıqları, sağ ayaqüstü nahiyənin qançırı bər küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi 20 dekabr 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sürücüsü olduğu avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxsin hal-hazırda hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-186/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-186/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver