Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1860/2024 27.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1975-cı ildə Kəlbəcər rayonu, Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-3171/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)- 3171/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli (08 noyabr 2016-cı il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə övladları 18 iyun 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləğində 117 manat olmaqla cəmi 234 manat miqdarında alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 10 noyabr 2016-cı il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Tələbkar aliment borcunu əvvəllər tələb etmədiyinə görə icra işi uzun müddət icra olunmamış vəziyyətdə qalmışdır. Tələbkar yalnız 20 iyun 2024-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək aliment bocunun borcludan tutularaq ona ödənilməsini xahiş etmişdir. Buna görə də borclu icra şöbəsinə dəvət edilərək borcun ödənilməsi tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan qətnamədən sonra tərəflər uzun müddət bir yerdə yaşadıqlarına görə aliment borcunu tələb etməmişdir. Borclu indiyədək aliment borcundan heç bir ödəniş etməmiş, bu günədək 22698 manat aliment borcu yığılmışdır. Borclu icra məmurunun çağırışlarından yayınmamışdır. O öz izahatında tələbkarla mobil telefonla əlaqə saxladığını, tələbkarın işlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin aliment borcunu tələb etdiyini bildirmişdir. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 27 iyun 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Tələbkarla 2016-cı il tarixdə rəsmi qaydada boşansalar da təqribən iki ay əvvələ qədər birlikdə yaşamışlar. Belə ki, təqribən iki ay qabaq arvadı ilə aralarında mübahisə yaranmış, buna görə də ayrı yaşamağa başlamışlar. Bu səbəbdən aliment borcu ilə bağlı tələbkar indiyədək icra şöbəsinə müraciət etməmişdir. İcra məmuru ona aliment borcu ilə bağlı icra şöbəsinə yaxınlaşmalı olduğunu telefonla bildirmiş, o da növbəti gün, yəni bu gün yaşadığı Tərtər rayonundan icra şöbəsinə yaxınlaşmışdır. Hal-hazırda rəsmi qaydada heç bir yerdə işləməsə də Tərtər rayonu, Talış kəndində yaşamaqla orada qeyri-rəsmi ərzaq dükanı işlədir. Aliment borcunu ödəməkdən imtina etmir. Lakin təcili olaraq birgə yaşadıqları müddətdə yığılmış aliment borcunun silinməsi üçün məhkəməyə müraciət edəcəyini və buna görə də ona qısa müddətdə vaxt verilməsini xahiş etmişdir. O öz izhataında daha sonra ayrı qaldıqları müddətdə ona hesablanaq aliment borcundan hər ay 500-600 manat ödəniş edəcəyəni bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi qaydada boşansalar da uzun müddət faktiki olaraq bir yerdə yaşamaqla tələbkar aliment borcunu tələb etməmiş, eləcə də icra məmuru tərəfindən bununla bağlı hər hansı bir tədbir həyata keçirilməmişdir. Bundan başqa borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal da müəyyən edilməmişdir. Həmçinin borclunun hal-hazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş, birgə yaşadıqları müddətdə hesablanmış aliment borcunun silinməsi üçün ona müəyyən vaxt verilməsini və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclunun yığılıb qalmış aliment borcunun ödənilməsi üçün ilk dəfə olaraq icra şöbəsinə çağırıldığı və könüllü gəldiyi gün onun barəsində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbilə protokol tərtib edilməsi məqsədə müvafiq sayıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1860/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1860/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver