Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1861/2025 18.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1613/2025 nömrəli 13 may 2025-ci il tarixli icra vərəqəsinə əsasən yığılmış aliment borcunun 2480 manat təşkil etdiyi qeyd edilərək, Bakı şəhəri Qaradağ rayon icra şöbəsi tərəfindən həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1613/2025 nömrəli 13 may 2025-ci il tarixli icra vərəqəsi Qaradağ rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin icraatına daxil olmuşdur. Həmin icra sənədinə görə iki uşağın yetkinlik yaşınadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda icra məmuru Səbuhi Əhmədli kursda olduğundan o, həmin icra işi üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Şəxs icra sənədi üzrə aliment ödənişlərini etməkdən boyun qaçırır. Hazırda Şəxs aliment borcu 2480 manatdır. Zərərçəkmiş şəxs alimentin ödənilməsini tələb edir. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 18 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokol ilə əlaqədar göstərmişdir ki, o, icra sənədi üzrə aliment borcunun olması barədə heç bir bildiriş almamışdır. Ona hər hansı SMS bildirişi də göndərilməmişdir. Qaradağ rayon icra şöbəsinə aliment öhdəliyinə görə deyil, “Kontakt Home” mağazasına borcu olduğuna görə gətirildiyini fikirləşmiş, aliment borcuna görə gətirilməsi barədə məlumatı olmamışdır. Tələbin könüllü icrası barədə bildiriş ilə tanış olmamışdır. Qaradağ Rayon Məhkəməsində baxılmış həmin aliment işi üzrə ancaq məhkəmənin hazırlıq iclasında olmuşdur. Məhkəmə qətnaməsi qəbul olunan zaman məhkəmə iclasında iştirak etməmişdir. Aliment ödənilməsi barədə məhkəmə qətnaməsi ilə tanış olsa da, sonradan həmin sənədləri itirmişdir. ***-***- **-** nömrəsini 2025-ci ilin iyun ayının ortalarına qədər işlətsə də onun mobil nömrəsinə Qaradağ rayon icra şöbəsindən SMS bildirişinin gəldiyini xatırlamır. Hətta onun mobil nömrəsinə SMS bildirişi gəlsə belə əksər hallarda mobil nömrəyə hər hansı SMS-in gəlməsinə fikir vermir. Onun ***-***-**-** və ***-***-**-** nömrələri isə işləməmişdir. Halhazırda mobil telefon və mobil nömrə işlətmir. İcra sənədi barədə onun anası və digər şəxslər tərəfindən ona hər hansı məlumat verilməmişdir. Onun Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin çağırışlarından yayınması üçün hər hansı səbəbi yoxdur. Aliment borcunun ödənilməsindən yayınmaq məqsədi olmamışdır. İcra sənədi ilə əlaqədar aliment borcu üzrə hər hansı ödəniş etməməsinin səbəbi onun Qaradağ rayon İcra şöbəsi tərəfindən bu barədə xəbərdar edilməməsi olmuşdur. İcra sənədi barədə məlumatı olsa idi aliment öhdəliyini icra edərdi. Hazırda aliment borcu üzrə icra sənədi barədə məlumatlı olduğundan aliment borcunu mümkün qədər qısa müddətdə ödəyəcəyinə söz verir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 ilə mobil telefon əlaqəsi saxlanıldı. Əminə Səftərova bildirdi ki, Şəxs aliment öhdəliyindən məlumatı olmuşdur. Şəxs aliment ödəməsi barədə yekun məhkəmə qətnaməsi elan olunan zaman keçirilən məhkəmə iclasında o, özü iştirak etsə də Şəxs həmin məhkəmə iclasında iştirak etməmişdir. Şəxs ancaq məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Aliment borcunu ödəməsi barədə Ayaz Cəfəroivun özü ilə deyil, həmin şəxsin anası ilə əlaqə saxlamışdır. Şəxs anası ona aliment öhdəliyi barədə məlumatının olduğunu bildirmişdir. Şəxs ona aliment ödəməyəcəyini bildirərək aliment öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. O, icra məmuru Səbuhi Əhmədliyə 4 ay ərzində alimentin ödənilmədiyini bildirmişdir. Şəxs şikayətçi olmasa da, həmin şəxsin alimenti vaxtlı-vaxtında hissə-hissə də olsa ödəməsini istəyir. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs icra sənədi üzrə hazırda aliment borcu 2480 manat təşkil edir. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1613/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Şəxs “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxılmış, Şəxs həmin məhkəmə iclasında iştirak etməmişdir. X1 iddiası qismən təmin edilmişdir. 02 aprel 2025-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs iddiaçı X1 xeyrinə sonarkı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olnmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə, tərəflərin izahatını, inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri, məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Qaradağ Rayon Məhkəməsinin qətnaməsini və icra sənədini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1613/2025 nömrəli icra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı Şəxs hər hansı məlumatı olmamışdır. Şəxs “aliment” tələbinə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsində hazırlıq iclasında iştirak etmiş, yekun qətnamə elan olunanda keçirilən məhkəmə iclasında isə iştirak etməmişdir. Məhkəmə qətnaməsi barədə məlumatının olmasına baxmayaraq, Qaradağ Rayon icra şöbəsi tərəfindən Şəxs icra sənədi barədə məlumatlandırılması inzibati xəta haqqında işin materialları ilə təsdiq edilmir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs mobil telefon nömrələrinə SMS bildirişləri göndərilsə də həmin SMS-lər Ayaz Maxsudovun nömrələrinə çatmamışdır. SMS bildirişlərin məzmununda borclu Şəxs konkret aliment borcu üzrə Qaradağ rayon İcra şöbəsinə çağırıldığı qeyd edilməmişdir. Tələbin Könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs həmin bildiriş ilə tanış olmamışdır. Şəxs aliment borcu üzrə icra sənədi barədə hər hansı şəxsin məlumat verməsi də öz təsdiqini tapmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 1613/2025 nömrəli icra sənədi ilə bağlı tələbin könüllü icrası barədə bildiriş ona təqdim edilməmişdir. İcra sənədindən hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün məlumatı olmuşdur. Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 3 ünvanında aşkar edilməməsinin səbəbi həmin borclunun uzun illər əvvəl, yəni iddiaçının məhkəməyə “aliment” tələbinə dair iddia verilməmişdən əvvəlki illərdə qeyd olunan ünvandan başqa ünvana köçməsi olmuşdur. Hazırda Şəxs yaşayış yeri ünvan 2 ünvanıdır. Şəxs hal-hazırki tarixdən etibarən icra sənədi barədə məlumatlı olduğundan gələcəkdə icra sənədi üzrə üzrsüz səbəbdən hər hansı ödəniş aparmamaqla icra məmurunun qanuni tələblərini qəsdən, qərəzli olaraq yetirməyəcəyi halda Şəxs barəsində inzibati xəta tərkibinin olub-olmamasına baxılması mümkündür. Şəxs əməlində aliment borcu barədə icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, borclu icra sənədi ilə hazırda tanış olmuş, tələbin könüllü olaraq icra edilməsinə görə ona verilən 10 gün müddət hazırki tarixdən hesablanmalıdır. Hazırda həmin 10 günlük müddət ötürülməmişdir. Həmçinin borclu aliment üzrə ödəniş etməsinə etiraz etmir. Bütün bunlara əsasən, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranmış olur ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən, qəsdən icra etməsin, icra sənədinin icrasından bilərəkdən boyun qaçırsın. İcra etməmə o halda üzrsüz sayılır ki, borclunun icra sənədi barədə məlumatlı olması, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən olunduğu halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Buna görə də, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən olunmur, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsəs yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən (inzibati xəta tərkibi olmadığından) xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1861/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1861/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver