Məhkəmə qərarları › İş №3(002)-188/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-188/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-188/2022 25.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9, şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 15 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən və 10 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 12.10.2021-ci il tarixdə aparılan araşdırma zamanı ekoloji normalara əməl olunması ilə bağlı olaraq verilmiş 12.10.2021-ci il tarixli G- MG/2621-075 nömrəli icrası məcburi olan müddətli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsi faktı aşkar olunmuşdur. Buna görə də, X9 vəzifəli şəxs kimi 4800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X8 öz izahatında verilən şikayəti müdafiə edərək göstərmişdir ki, tərtib olunmuş protokol və qərar tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 ünvanına heç bir məcburi göstəriş göndərilməmişdir. Həmin məcburi göstərişlə məhkəmə iclas zalında tanış olmuşdur. Protokol və qərarı tərtib edən orqan tərəfindən isə həmin məcburi göstərişin X4 ünvanına göndərilməsini və ya onun tərəfindən qəbul edilməsini təsdiq edəcək hər hansı bir sübut, yəni qəbz, reyestr və ya xəbərnamə təqdim edilə bilmir. Bu da onu göstərir ki, həmin məcburi göstəriş sadəcə olaraq formal xarakterlidir. Bundan başqa məcburi göstərişdə tapşırıqlar kimi qeyd olunan pozuntu halları X9 tərəfindən edilməmişdir. Aktın tərtib olunmasından isə ümumiyyətlə X4 xəbəri olmamış və onun iştirakı təmin edilməmişdir. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılmasınada X9 dəvət olunmamış, protokolun tərtib olunmasından xəbəri belə olmamışdır. Odur ki, X9 barəsində tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ekoloji pasport, müvafiq rəy və bunun kimi Nazirlik tərəfindən müvafiq işlərin aparılması üçün verilən sənədlər olmadığından X4 ünvanına 12 oktybar 2021-ci il tarixli G-MG/2621-075 nömrəli məcburi göstəriş göndərilmişdir. İcrası məcburi olan həmin göstərişin tələblərinə əməl edilmədiyinə görə X9 barəsində 15 noyabr 2021-ci il tarixdə protokol tərtib olunmuşdur. O, öz izahatında daha sonra bildirmişdir ki, idarədə işlərin sayının çoxluğundan X9 25 noyabr 2021-ci il tarixdə inzibati araşdırma üçün dəvət olunsa da, onun barəsində inzibati xəta haqqında qərar 10 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Bütün bu halların nəzərə alınaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, X9 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 oktyabr 2021-ci il tarixli G-MG/2621-075 nömrəli məcburi göstərişin surəti məhkəməyə təqdim olunsa da, həmin göstərişin barəsində inzibati xəta haqqında protokol və qərar tərtib olunmuş X4 ünvanına göndərilməsi və ya onun tərəfindən qəbul edilməsi faktını təsdiq edəcək sübut (reyestr, xəbərnamə, qəbz və s.) əlavə edilməmişdir. Bu hal məhkəmə tərəfindən şəxsin əməlində İXM-nin 541-ci maddəsinin tərkibinin olmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində göstərilir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hər hansı bir qanuni tələb və ya qərarını almamış şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, istər aktın tərtib olunması zamanı, istərsə də protokolun və inzibati xəta haqqında qərarın tərtibi zamanı vəzifəli şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməsi öz əksini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 15 noyabr 2021-ci il tarixli məktubundan aydın olur ki, X5 həmin tarixdə məktub göndərilərək onun barəsində 15 noyabr 2021-ci il tarixli protokol tərtib edildiyini və bu protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı 25 noyabr 2021-ci il tarixdə saat 10:00da 11 X6 və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş edilsə də, inzibati xəta haqqında qərar həmin tarixdə deyil, hansısa naməlum səbəbdən 10 dekabr 2021-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə verilməsi və ya şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Belə ki, iş materiallarına müvafiq məktublar əlavə olunsa da, həmin məktubların göndərilməsini və ya şəxs tərəfindən alınmasını təsdiq edəcək reyestr, xəbərnamə və ya qəbz əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin qanuni təmsilçisinə inzibati xəta haqqında protokolun surəti verilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokolda protokolun seriya və nömrəsi MN ******* kimi göstərilmiş və əlavə olaraq 254/15.11.2021 qeydi də əlavə olunmuşdur. Bu hal məhkəmə tərəfindən İXM-nin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 15 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol X9 tərəfindən imzalanmamış, bu hal isə protokolda öz əksini tapmamış, yalnız izahat verməkdən imtina etməsi öz əksini tapmışdır. Bu hal məhkəmə tərəfindən İXM-nin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 100.4-cü maddəsində göstərilir ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa məhkəmə iclasında da X4 təqsirli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar