Məhkəmə qərarları › İş №3(002)-1884/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1884/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1884/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, 31 may 2024-cü il tarixdə saat 19:11-də Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin ünvanına Gürcüstandan yük gətirmiş Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 35BK575/35ZB622 nömrə nişanlı yük avtomaşınının kabin hissəsinə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən “Yeni Səngəçal” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı sözügedən nəqliyyat vasitəsinin kabin hissəsində gömrük orqanına bəyan edilməyən 5 ədəd “Belgium” ticarət nişanlı (2.5 litr) pivə, 2 ədəd “Alazanskaya Dolina” ticarət nişanlı (1.5 litr) çaxır, 4 ədəd “Kindzmarauli” ticarət nişanlı (1.5 litr) çaxır, 12 ədəd “Sairme” ticarət nişanlı (1 litr) su, 12 ədəd “Nabeghlavi” ticarət nişanlı (1 litr) su, 24 ədəd “Natakhtari” ticarət nişanlı (1 litr) şirin su və 80 ədəd “Natakhtari” ticarət nişanlı (0.5 litr) şirin su yükü aşkar edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 597.00 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs tərəfindən qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmalı və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin malların dəyərinin yəni, 597 (beş yüz doxsan yeddi) manat məbləğinin 40 (qırx) faizi, yəni 238 (iki yüz otuz səkkiz) 80 (səksən) qəpik manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar