Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-189/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4320 manat aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq atasından alınıb anasının himayəsinə verildiyi tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 müalicə xərcləri ilə əlaqədar hər ay 50 manat pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Borclu ödənişləri həyata keçirməmiş, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Onun barəsində əvvəllər bir dəfə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-69/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərara əsasən borclu barəsində inzibati icraata xitam verilmişdir. Hazırki tarixə aliment borcu 4320 manat təşkil edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, bir neçə aydır ki, işdən azad edildiyindən maddi vəziyyəti zəif olduğuna görə ödəniş edə bilməmişdir. Lakin 2 ay öncə kart vasitəsilə tələbkarın kartına 600 manat köçürmüşdür. Həmçinin birgə nikahdan doğulan uşaqlardan biri onun himayəsindədir və o, tələbkardan aliment tələb etməmişdir. Hazırda o, yeni işlə təmin olunmuşdur və əmək haqqı alan zaman aliment ödənişlərinə davam edəcəkdir. Maddi vəziyyətində baş vermiş çətinlikləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Tələbkarın bank hesabına köçürdüyü 600 manat ödənişin qəbzini bank tətbiqi proqramından istifadə qaydalarını bilmədiyinə görə təqdim edə bilmir. Hazırki iclasda isə 100 manat məbləğində ödəniş etmək imkanı vardır. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirdi ki, autizm xəstəliyindən əziyyət çəkən övladı onun himayəsindədir, övladını təkbaşına böyüdür və onun müalicəyə ehtiyacı var. Borclu ona bu vaxtadək ümumiyyətlə ödəniş etməmişdir, hazırki iclasda təqdim etdiyi cüzi miqdarda ödənişi qəbul etmir, alimentin tam ödənilməsini tələb edir. Əks təqdirdə isə borclu barəsində sərt inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında birgə nikahdan olan uşaqlardan birinin borclunun himayəsində olmasını və onun tələbkardan aliment tələb etməməsini, sonuncunun yeni işlə təmin olunduğunu və alimenti ödəməsi üçün vaxt verilməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 iddiaçı X2 himayəsində və yanında saxlanılmalı, xx.xx.2019cu il təvəllüdlü X7 cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməli, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq atasından alınıb anasının himayəsinə verildiyi tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X4 müalicə xərcləri ilə əlaqədar hər ay 50 manat pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4320 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-69/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində iş üzrə inzibati icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 4320 manat aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişlər etməmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Onun barəsində əvvəllər də eyni inzibati xətaya görə icra məmuru tərəfindən protokol tərtib olunmuş, sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-69/2025 nömrəli, xx.xx.2025-ci il tarixli iş üzrə borclunun maddi vəziyyəti nəzərə alınmış, natamam aliment ödənişləri həyata keçirməsi üzrlü hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini və tələbkarın yığılmış borca münasibətdə cüzi ödənişi qəbul etmədiyini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, tələbkarın hazırda çətinliklə xəstə övladını təkbaşına böyütdüyünü, Şəxs törətdiyi inzibati xətanın hallarını, 1 ay əvvəl barəsində olan inzibati xəta haqqında üzrə icraata xitam verilməsindən sonra da heç bir ödəniş həyata keçirmədiyini, onun hazırki tarixə yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-189/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-189/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver