Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1901/2025 24.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Murquzalılı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu X4 Əhməd Nemət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini bildirərək, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ictimai qaydanı pozmamış və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Lökbatan qəsəbəsində, Dadaş Bünyadzadə küçəsində yolda taksi gözləyən zaman sonradan polis olduğunu bildiyi mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim etmədən ondan kim olduğunu, hansı məqsədlə buraya gəldiyini soruşmuşlar. O da öz növbəsində qohumlarını ziyarət etmək məqsədilə gəldiyini, evinə qayıtmaq üçün taksi gözlədiyini bildirmişdir. Bundan sonra onu yoldan kənara hasara alınmış ağaclıq əraziyə çəkib orada fiziki zorakılıq göstərərək onun kimlərləsə əlbir olduğunu, hüquqazidd hərəkətlər etməsini etiraf etməsini tələb etmişlər. O, nə yaşandığını özü də başa düşməmiş, həmin şəxslər qoluna qandal vurduqda onların polis ola biləcəyini anlamış, daha sonra isə şöbəyə gətirlmişdir. O, polisə heç bir tabesizlik göstərməmiş, nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Göstərdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 23 sentyabr 2025-ci il tarixdə təqribən saat 01:00 radələrində bölməyə gətirilmiş, narkoloji müayinədən keçirilmiş, narkotik vasitələrdən istifadə etmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq təqdim olunmuş protokoldakı hallarla bağlı belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmamış, həmçinin polis əməkdaşlarına qarşı hər hansı tabesizlik nümayiş etdirməmişdir. Belə ki, inzibati orqan tərəfindən Şəxs protokolda qeyd olunmuş xətaları törətməsinə dair heç bir əsaslı sübut təqdim olunmamışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Həmçinin, Şəxs əməlində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və hər hansı xuliqanlıq hərəkətləri etməsi, polis əməkdaşlarına tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, sonuncu barəsində həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Rafail Tağıyevə ünvanlanmış 23 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində xidmət aparılan zaman bir nəfər şəxs özünü şübhəli apardığına görə yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxs qaçmağa cəhd göstərmiş, saxlanıldıqda nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabesizlik göstəmiş, nizam-intizama dəvət edilməsinə baxamayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, polis şöbəsinə gətirilmiş, şöbədə yoxlama zamanı həmin şəxsin Şəxs olması müəyyən edilmiş, barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Əlişov X2 qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində özünü şübhəli apardığından saxlanılan zaman nalayiq ifadələr işlədərək qaçmağa cəhd göstərmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə polis bölməsinə təqdim olunmuş raportda qeyd olunanlarla ümumiyyətlə eynilik təşkil etmir. Belə ki, raportda Şəxs xırda xuliqanlıq etməsi və polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi qeyd olunmasına baxmayaraq, qeyd olunan halları təsdiq edəcək heç bir dəlil məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1901/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1901/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver