Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-191/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X2 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 04 fevral 2025-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məscidin yanında polis əməkdaşlarına tabesizlik etmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə 04 fevral 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul etməklə əsassız olaraq DİN-in “102” xidmətinə zəng edərək orada çalışan əməkdaşların ünvanına təhqiredici ifadələr işlədir. Bir neçə dəfə ona bu barədə xəbərdarlıqlar edilsə də o, öz qanunsuz əməllərini davam etdirir. Növbəti dəfə DİN-in Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş eyni məzmunlu məlumatla əlaqədar vətəndaş Qaradağ RPİ-nin 10-cu PŞ-ya dəvət edilməsinə baxmayaraq o, şöbəyə gəlməkdən imtina etmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onun polis şöbəsinə gətirilməsi məqsədilə 04 fevral 2025-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məscidin yanında polis əməkdaşlarına tabesizlik etmiş və onların ünvanına nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozmuşdur. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X6 öz izahatında bildirmişdir ki, Şəxs DİN-in “102” xidmətinə zəng edərək təhqiredici ifadələr işlətdiyi üçün onu 04 fevral 2025-ci il tarixdə saat təxminən 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Məscidin yanında polisə dəvət etsə də o, şöbəyə gəlməkdən imtina etmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, ünvan 1 ünvanında faktiki qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır, faktiki olaraq evlidir. O, qəbirstanlıqda məzar yeri qazmaqla məşğul olur. Aradabir spirtli içki qəbul edir və spirtli içki qəbul edərkən özünü idarə edə bilmir. Buna görə müxtəlif dövlət orqanlarına, o cümlədən DİN-in “102” xidmətinə zəng edərək onlara bayram təbriklərini çatdırır. Sonuncu dəfə 20 yanvar 2025-ci il tarixdə DİN-in “102” xidmətinə zəng etmiş, lakin heç bir təhqiredici ifadə işlətməmiş, sadəcə bayram təbriki etmişdir. 04 fevral 2025-ci il tarixdə polislər onu saxlayarkən onlara qarşı heç bir tabesizlik və ya müqavimət göstərməmişdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə xitam verilməli və o, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs heç bir səbəb olmadan DİN-in “102” xidmətinə zəng edərək nalayiq ifadələr işlətmiş, o cümlədən 04 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin xidmət üzrə rəis müavini, polis polkovniki X5 RPİ-nin rəisi, polis polkovniki Ədalət Abbasova ünvanladığı 27 yanvar 2025-ci il tarixli məktubundan aydın olur ki, 20 yanvar 2025-ci il tarixdə saat 05:02-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 8, ev 19-da yaşayan Şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrədən “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək təhqiredici ifadələr işlətməsi barədə DİN-in X1 Xidmətindən daxil olmuş məktub əsasında İctimai Təhlükəsizlik İdarəsində araşdırılma aparıldığı, qeyd olunan şəxsin barəsində müvafiq tədbir görülməsi və nəticəsi barədə 04 fevral 2025-ci il tarixədək məlumat verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. 2.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin.
3. Şəxs təyin edilmiş inzibati həbs müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən, axşam saat 16:40-dan hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-na həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov