Məhkəmə qərarları › İş №3(002)-1911/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1911/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1911/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 12 avqust 1997-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsi nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə Meyvəli bazarında vətəndaş X3 250 manat pulunu sonra qaytaracağı vədi ilə ələ keçirərək gözdən itmişdir. Faktla bağlı zərərçəkmiş şəxs 10-cu PByə müraciət etmiş və həmin müraciət əsasında təhqiqatçı tərəfindən müvafiq araşdırma aparılmışdır. Təhqiqatçının qəbul etdiyi 07 dekabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10-cu PB-nin aidiyyəti əməkdaşına verilmişdir. Həmin polis şöbəsinin sahə inspektoru X5 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru İ.Ş.Günəşov çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 07 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın onun tərəfindən tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, iş materialları ilə tanış olmuş, xahişi ilə yaxın qohumlarına məlumat verilmiş, 06 dekabr 2022-ci il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Həmçinin bildirmişdir ki, tutularkən hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı olmadığından vəkildən imtina etmişdir, bu, onun maddi vəziyyəti ilə bağlı deyildir, heç bir əlillik dərəcəsi yoxdur. Zərərçəkmiş şəxs E.Y.Məmmədov məhkəmə iclasında Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən sonuncu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə ərizəsini məhkəməyə təqdim edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş tutma haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2022-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlıya ünvanlanmış 07 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan X3 xx.xx.2022-ci il tarixdə saat 00:07-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində adını bilmədiyi şəxsin ona yaxınlaşaraq ondan meyvə alacağı bəhanəsi ilə 250 manat pulunu alaraq gözdən itməsi barədə məlumat vermişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X1 aldadıb 250 manat pulunu ələ keçirən Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Odur ki, qəbul edilmiş qərarın surətini təqdim etməklə hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs E.Y.Məmmədov tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs T.F.Nəsibov sonuncuyla barışmış və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar