Məhkəmə qərarları › İş №3(002)-1920/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1920/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1920/2023 29.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X2, Qaradağ RPİ-nin DYPŞ-nın inzibati təcrübə üzrə inspektoru, polis polkovnik-leytenantı X1, Qaradağ RPİ-nin DYPŞ-nın operatoru, polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 10:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-da ictimai qaydanı pozaraq polis əməkdaşlarını təhqir etmiş, iş fəaliyyətini pozmuş və hərəkətlərinə son qoymaq barədə tələblərə riayət etməyərək tabesizlik göstərməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 10:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-nın inzibati binasında polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində 29 avqust 2023-ci il tarixdə, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın inzibati təcrübə üzrə inspektoru, polis polkovnik-leytenantı X4 öz izahatında bildirmişdir ki, 29 avqust 2023-cü il tarixdə, səhər saat 10:30 radələrində xidmətdə olduğu zaman vətəndaş Şəxs xidməti otağa yaxınlaşaraq ona məxsus “Kamaz” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin duracaqdan çıxarılmasını xahiş etmişdir. Həmin vaxtda inzbati otaqda onunla Qaradağ RPİ-nin DYPŞ-nın operatoru, polis baş serjantı X6 da olmuşdur. O vətəndaşa həmin avtomobili idarə edən sürücünün şöbəyə yaxınlaşmalı olduğu bildirmişdir. Vətəndaş bununla razılaşmamış, protokolların ona yazılmasını tələb edərək və əsəbiləşərək onları nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Onlar vətəndaşa öz hərəkətlərinə son qoyması üçün xəbərdarlıq etsələr də o öz hərəkətlərini davam etdirmiş, daha sonra dəhlizə çıxaraq digər vətəndaşların yanında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar vətəndaşı sakitləşdirə bilmədiklərini görüb ƏÇPA-nın əməkdaşlarını köməyə çağırmışlar. O, öz izahatında daha sonra göstərmişdir ki, vətəndaş Şəxs hal-hazırda törətdiyi qanunazidd əməldən nəticə çıxararaq üzürxahlıq etmiş və hazırda ona qarşı şikayətçi olmamaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın operatoru, polis baş serjantı X6 öz izahatında Qaradağ RPİ-nin DYPŞ-nın inzibati təcrübə üzrə inspektoru, polis polkovnik-leytenantı X1 verdiyi izahatı təsdiq etmiş, lakin vətəndaş Şəxs hal-hazırda törətdiyi qanunazidd əməldən nəticə çıxararaq üzürxahlıq etdiyinə görə hazırda ona qarşı şikayətçi olmamaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməldən peşiman olduğunu bildirərək göstərmişdir ki, “Kamaz” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla avtomobili hadisə vaxtı sürücü Məmmədhüseyn adlı vətəndaş idarə etmişdir. 27 avqust 2023-cü il tarixdə həmin avtomobil ilə “Tos Oil” yanacaqdoldurma məntəqəsinə daxil olmuşlar. Bu zaman DYPİ-nin əməkdaşları onları saxlayaraq avtomobilin nömrəsinin görünmədiyini onlara bildimişlər. Yol polisi əməkdaşları həmin vaxt maşının sürücü olan Məmmədhüseyn adlı şəxsdən sürücülük vəsiqəsini tələb etdikdə məlum olmuşdur ki, sürücünün sürücülük vəsiqəsinin müddəti bitib. Hansı ki, bu haldan onların heç birinin xəbəri olmamışdır. Odur ki, avtomaşın polis əməkdaşları tərəfindən duracağa yerləşdirilmişdir. Həmin vaxt o və yanındakı sürücü polis əməkdaşlarınln qanuni tələbinə tabe olmuşlar. Növbəti gün o Qaradağ RPİ-nin DYPŞ-na yaxınlaşaraq müvafiq protokol yazılaraq maşının götürülməsini xahiş etmişdir. Lakin polis şöbəsində ona bildirmişlər ki, həm avtomaşının sahibinə, həm də sürücüyə protokol yazılmalı olduğu üçün onların hər ikisi birlikdə polisə gəlməlidirlər. Buna görə də 29 avqust 2023-cü il tarixdə, səhər saatlarında o yenidən sürücü ilə birlikdə Qaradağ RPİ-nin DYPŞna yaxınlaşmış, inzibati xəta haqqında protokolun ona yazılmasını polis əməkdaşlarından xahiş etdikdə aralarında mübahisə düşmüşdür. İnzibati otaqda olan əməkdaşlardan biri mülki geyimdə olduğundan onun polis əməkdaşı olduğunu bilməmişdir. Həmin şəxsə qarşı əsəbi olduğundan nalayiq ifadə işlətmişdir. Daha sonra yol polisi əməkdaşları ƏÇPA-nın əməkdaşlarını dəvət edərək onu 10-cu Polis Şöbəsinə gətirmişlər. O əməlindən peşiman olduğunu, qəflətən əsəbiləşdiyi üçün bilməyərəkdən ilk dəfə olaraq belə bir hərəkət törətdiyini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə onu it dişləmiş və buna görə də “quduzluq” əleyhinə müvafiq zərdab vurdurmaqla növbəti zərdabın vaxtı 30 avqust 2023-cü il tarixdədir. Həmin zərdabın vurulmaması onun səhhətində ciddi problemlərə səbəb ola bilər. Məhkəmə, inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş X8 16 avqust 2023-cü il tarixli arayışından aydın olur ki, Şəxs it dişləməsi səbəbindən tetanus əleyhinə zərdab vurulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar