Məhkəmə qərarları › İş №3(002)-1935/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1935/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1935/2023 14.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Baş X5 İdarəsində bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının ypx inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş X5 İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 03 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 03 avqust 2023-cü il tarixdə, saat 12:39-da Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 719 saylı postda saxlanılarkən idarə etdiyi “Kamaz 5511 yük» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 03 avqust 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Baş X5 İdarəsində bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının ypx inspektoru, polis baş serjantı X2 öz izahatında göstərmişdir ki, Şəxs bundan qabaq 24 may 2023-cü il tarixdə “Kamaz 5511 yük» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və 600 manat məbləğində cərimə olunmuşdur. Vətəndaş eyni inzibati xətanı 03 avqust 2023-cü il tarixdə, təkrar törətdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, üç oxlu yük avtomobilləri üçün norma 25 ton müəyyən edilmiş, Şəxs yükü isə 32 tondan artıq olmuşdur. Belə olan halda sözügedən Kamaz 5511 yük» markalı avtomobilin çəkisi 7 tondan artıq olmuşdur. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək vətəndaş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının **********001 nömrəli, 03 avqust 2023-cü il tarixli qəbzindən aydın olur ki, “Kamaz 5511 yük» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil 03 avqust 2023-cü il tarixdə, saat 02:17 radələrində Bakı-Qazax yolunun 719 saylı postunda tərəzi yoxlanışı zamanı oxlarının sayı üç ədəd olmaqla ümumi çəkisinin 32870 kiloqram olması müəyyən edilmişdir. Həmin qəbzə əsasən yük avtomobilləri üçün buraxılan çəki miqdarı üç oxlu avtomobillər üçün 25000 kiloqram müəyyən edilmişdir. Belə olan halda sözügedən “Kamaz 5511 yük» markalı avtomobilin çəkisi 7 tondan artıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X4 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 097335 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10497 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 05 may 2023-cü il olmaqla, 05 may 2024cü il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs, bundan əvvəl yəni, 24 may 2023-cü il tarixdə, saat 06:28-də ünvan 1 ünvanında iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar