Məhkəmə qərarları › İş №3(002)-195/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-195/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-195/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək X2 Bakı regional bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyi Bakı Regional bölməsi tərəfindən 26 yanvar 2023-cü il tarixli MN ******* saylı qərar əsasında İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən ət satışı mağazasında heyvan mənşəli ət məhsulları baytarlıq ekspertizası aparılmadan satış halları aşkar edilmişdir. Həmin faktla əlaqədar olaraq bildirmişdir ki, iri və xırda buynuzlu malları rayondan alaraq mağazanın qarşısında bütün qaydalara riayət etməklə kəsməklə məşğul olur. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kəsim məntəqəsi və baytar həkimi olmadığına görə həmin malları baytarlıqdan keçirə bilmir. Lakin heyvanları alarkən baytar həkimi tərəfindən baxış keçirilir və sağlam heyvanlar alınır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kəsim məntəqəsi və baytar həkimi olmaması barədə dəfələrlə Qida Təhlükəsizliyi agentliyinə rəsmi olaraq müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Agentlik əsassız olaraq onları cərimə etmişdir. Əslində onların özlərinin baytar həkimi olmalı və kəsilmiş heyvanları müayinədə keçirə bilərdilər. Satışda olan ət məhsulları satışında heç bir qanunsuzluğa, o cümlədən Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması halına yol verməmişdir. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Ona görə də həmin qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən, X2 Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, qəssab işləyir, mal-qaranın alınmasını, kəsib satmanı da özü həyata keçirir. Yoxlama günü o, baytarlıqdan arayış almamışdır, çünki həmin tarixdə ət satışı etməmişdir. Məhkəmə iclasında X2 Bakı regional bölməsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, o, polis əməkdaşı ilə bərabər X3 məxsus ət satışı həyata keçirilən dükana yaxınlaşarkən sonuncu orada olmamış, lakin həmin dükanda işçi kimi fəaliyyət göstərən şəxs orada olmuşdur. Obyektdə yoxlama aparan zaman satışda vitrində ət məhsulları olduğunu və sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığını, baytarlıq arayışı olmadan ət satışı həyata keçirilməsini müəyyən etmişlər. T.Məmmədov özü gəldikdən sonra isə onlara dükana daxil olmağa icazə verməmişdir. Yoxlama dekabr ayının 19-u keçirilmişdir. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən MN ******* nömrəli, 26 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli, 245704 nömrəli baytarlıq arayışından görünür ki, X3 məxsus çəkisi 145 kq olan 1 ədəd iribuynuzlu heyvan kəsilməsi üçün Bakı şəhəri Lökbatan qəsəbəsi ət mağazasına göndərilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 16 fevral 2021-ci il tarixli, 10-Q-03337 nömrəli Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışdan görünür ki, X4 Bakı şəhəri, Qaradağ rayonu, 28 may küçəsi və Bünyadzadə küçələrinin kəsişməsində ət və ət məhsullarının pərakəndə satışını həyata keçirmək üçün qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Səbuhi Məmişzadə və Əfqan Əliyev tərəfindən imzalanmış aktdan görünür ki, X3 məxsus obyektə baxış keçirilən zaman müəssisədə sanitariya normaları və qaydalarına riayət edilmədiyi aşkar olunmuşdur. (alətlər sterilizasiya aparatı ilə dezinfeksiya edilmir, kimyəvi vasitələr ayrıca yerlərdə və ya dolablarda saxlanmır, havanın temperaturu və nəmlik rejimi nizamlanmır və s.). İş materiallarında olan inzibati tənbehvermə haqqında 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası X2 Bakı regional bölməsinin 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında təqdim olunmuş baytarlıq arayışı isə 02 dekabr 2022-ci il tarixli olmaqla yoxlama aparılan tarixlə uyğunluq təşkil etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 19.0.12-ci bəndinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıqsanitariya) tələbləri üzrə vəzifələridir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə hesab edir ki, X1 X2 Bakı regional bölməsinin 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar